YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP 30: Nəhəng inkişaf faktorunun real təcəssümü

Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü tamam oldu. Bu, həm də ümumxalq partiyasının, eləcə də Cənubi Qafqazın ən qüdrətli siyasi təşkilatının qürur tarixdir. Belə ki, siyasi partiya faktoru, hakimiyyətdə hansı qüvvələrin olması bütün ölkələrin və millətlərin taleyini, tarixi gedişi müəyyənləşdirən əsas proseslərdəndir. O cümlədən, iqtidarda olan siyasi Liderin qabiliyyəti, praqmatikliyi, xarizması onun apardığı daxili və xarici siyasət, ideoloji xətt və vermiş olduğu qərarlar cəmiyyət üçün vacib amillərdəndir. Bu tarixi həqiqəti Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin üzərlərinə götürdükləri ağır, çətin missiyaları sübuta yetirmişdir.

O da sirr deyil ki, Yeni Azərbaycan Partiyasının qurulduğu 1992-ci il müstəqillik tariximizin ən çətin dövrlərindən idi. Həmin müddətdə torpaqlarımızın Ermənistan tərəfindən işğalı, daxildə hakimiyyət uğrunda mübarizənin aparılması, ölkənin faktiki olaraq parçalanmaq vəziyyətində olması cəmi bir il əvvəl müstəqilliyini bərpa edən dövlətimizin süqutu ilə nəticələnə bilərdi.

Xalq başa düşürdü, anlayırdı ki, onu bu bəlalardan ancaq Ümummilli Lider Heydər Əliyev xilas edə bilər

Regionumuzdan uzaqda yerləşən və qonşuluqda olan dövlətlərin Azərbaycanın təbii zənginliklərinə göz dikməsi, ölkənin yerləşdiyi əlverişli coğrafi mövqe - Avrasiyanın orta xəttinin qapısı uğrunda ciddi mübarizənin başlanması ilə nəticələndi. Belə bir gərgin daxili və beynəlxalq proseslər fonunda Azərbaycan dərin xaos və anarxiya içində həm də yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Məhz bu baxımdan, xalq başa düşürdü, anlayırdı ki, onu bu bəlalardan ancaq Ümummilli Lider Heydər Əliyev xilas edə bilər. Xalqın gəldiyi nəticə belə idi ki, hələ sovet Azərbaycanına rəhbərliyi dönəmində ölkəni geridə qalan respublikadan ittifaqın qabaqcıl respublikalarından birinə çevirən, böyük inkişafa, quruculuğa, sosial-iqtisadi rifaha, milli ruhun dirçəlişinə nail olan böyük siyasi strateq Heydər Əliyev yaranmış yeni siyasi vəziyyətdə Azərbaycanı anarxiya və xaos burulğanından sabit inkişaf yoluna çıxara biləcək alternativsiz Liderdir.

Beləliklə, 1992-ci il oktyabrın 16-da bir qrup ziyalı yeni siyasi partiyanın qurulması xahişi ilə Ulu Öndər Heydər Əliyevə müraciət etdi. O cümlədən, "91-lər"in müraciəti, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Ancaq onun Bakıya gəlməsinə  həmin dövrdəki hakimiyyət maneələr törətməyə cəhdlər göstərdi. Amma xalq artıq öz qərarını vermişdi və partiyanı təsis etmək istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu yaradaraq Naxçıvana getdilər, yaranacaq YAP-ın təsis konfransını orada və kifayət qədər çətin şəraitdə keçirməyə müvəffəq oldular.

YAP qısa zaman ərzində ümumxalq partiyasına çevrildi, öz sözünü deməyi bacardı

Fakt budur ki, YAP ilk gündən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsi kimi prinsipləri qarşısına vacib məqsəd kimi qoymuşdur. Partiya proqramının əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, milli dəyərlər, habelə vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri öz əsasında Azərbaycanın siyasi gələcəyinin və ideya bazasını şərtləndirdi. Məhz bunun nəticəsi olaraq YAP qısa zaman ərzində ümumxalq partiyasına çevrildi, öz sözünü deməyi bacardı.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra uğurlu daxili və xarici siyasətin, həmçinin gələcək onillikləri hədəfləyən yeni strateji kursun müəyyən olunması ölkədə möhkəm xalq-dövlət birliyinin əsasını qoydu. Bunun da bariz nümunəsidir ki, 1993-cü ilin oktyabrından etibarən bütün prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası daim səs çoxluğu ilə qalib gələn partiya kimi tarixə düşdü. Vacb məqamlardan biri də budur ki, YAP yaradılmasından cəmi 7 ay sonra, sivil müxalifətçilikdən, eyni zamanda, demokratik siyasi mübarizə vasitəsi ilə hakimiyyətə gəldi. Bu baxımdan da, YAP-ın iqtidar partiyası statusunu 29 il müddətində qoruyub saxlaması partiyamızın bütün dövrlərdə güclü Liderlərə malik olmasının nəticəsidir.

Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət bütün məqsədlərini reallaşdırmağa qadirdir. Bu məqam YAP-ın proqramında da öz danılmaz əksini tapdı. YAP ölkənin iqtisadi inkişafını və sosial islahatları sürətləndirən kursun hazırlanmasında fəal iştirak etdi. Partiyamızın cəmiyyətdəki nüfuzunu şərtləndirən mühüm amillərdən biri də bütün sosial zümrələri öz ideyaları ətrafında birləşdirməsi idi. Bu gün partiyanın sıralarında digər xalqların nümayəndələrinə geniş rast gəlmək mümkündür. Artıq faktıdr ki, hakim partiya fəaliyyəti ilə ölkədə etnik-dini tolerantlığın inkişafına, multikultural ideyaların genişlənməsinə layiqli töhfələrini verir. Bu baxımdan, YAP əsl ümumxalq partiyası olaraq bütün təbəqələri mütərəqqi azərbaycançılıq ideyası ətrafında birləşdirməyə nail olmuşdur.

Qeyd etmək yerinə düşərdi ki, Ulu Öndər Heydər Əliyevin, daha sonra onun layiqli varisi cənab Prezident İlham Əliyevin siyasi xəttini həyata keçirən YAP öz məhsuldar fəaliyyəti ilə müasir Azərbaycan qanunvericiliyinin təkmil bazasının yaradılmasını təmin etdi.

Prezident İlham Əliyevin 19 illik fəaliyyəti dövründə onilliklərə bərabər sürətli inkişaf yolu keçən Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə doğru inamla irəliləyib və bunlara nail olub

15 oktyabr 2003-cü ildə cənab İlham Əliyevin prezident seçkilərində qalib gəlməsi ilə xalqımızın və partiyamızın həyatında yeni mərhələ başlandı. 2005-ci il martın 26-da keçirilən YAP-ın III Qurultayında Prezident İlham Əliyevin partiyaya Sədr seçilməsi ilə YAP-ın ictimai dayaqları daha da gücləndi. Belə ki, Prezident İlham Əliyevin 19 illik fəaliyyəti dövründə onilliklərə bərabər sürətli inkişaf yolu keçən Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə doğru inamla irəliləyib və bunlara nail olub. Ölkə Lideri hələ 2003-cü ildə seçkiqabağı çıxışları zamanı irəli sürdüyü "Əsl siyasət - konkret real iş görməkdən ibarətdir" tezisini də tam reallaşdırıb. Artıq tam əminliklə deyə bilərik ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin hakimiyyət illəri ölkəmizin tarixinin ən qürurlu səhifələrindəndir!

Daha bir xüsusi və mühüm məqam: hakimiyyətin, o cümlədən onun siyasi istinadgahı olan YAP-ın ən böyük nailiyyəti isə şübhəsiz ki, Vətən savaşında əldə olunan tarixi zəfərdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti və Liderlik keyfiyyətləri sayəsində ölkəmiz Qarabağ probleminin ədalətli həllinə nail olaraq yeni geosiyasi reallıq yaradıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər Prezident İlham Əliyevin qətiyyətli, prinsipial, milli maraqları əsas tutan liderlik missiyasını, dahi intellektini bir daha təsdiqləyib. Belə ki, son 200 il ərzində ilk dəfə olaraq Azərbaycan qələbə qazandı, II Dünya müharibəsindən sonra isə hərbi əməliyyatlar nəticəsində ərazilərini işğaldan azad edən ilk dövlət kimi tarixə düşdü. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi Prezident İlham Əliyevin regional və qlobal miqyasda nüfuzunu daha da artırıb, dünyanın ən uğurlu liderləri sırasında yer almasını təmin edib.

Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda ölkəmiz işğaldan azad edilmiş rayonlarda quruculuq, bərpa və abadlıq işlərini sürətləndirir. Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə bölgədə mövcud olan status-kvo ləğv edildi, Azərbaycanın rəhbərliyi ilə Qafqaz bölgəsinin inkişafında yeni tarixi mərhələnin əsası qoyuldu. Postmünaqişə dövründə sülh şərtlərini diktə edən, danışıqların gündəmini müəyyən edən ölkə indi məhz Azərbaycandır. Artıq dünya birliyi bu gerçəkliyi qəbul edir ki, Azərbaycanın regionda yaratdığı geosiyasi reallıq ümumən Cənubi Qafqazın inkişafı üçün alternativsiz yoldur. Hazırda ölkəmiz təkcə regionda deyil, bütövlükdə dünyada sayılıb-seçilən beynəlxalq aktorlardan birinə çevrilib.

Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi "YAP dünənin, bu günün, sabahın partiyasıdır" ifadəsi partiyanın strateji hədəflərini özündə tam əks etdirir

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan davamlı uğurlar YAP-ın hakim partiya kimi cəmiyyət həyatındakı rolunu, ictimai-siyasi proseslərə təsir imkanlarını genişləndirir. Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi "YAP dünənin, bu günün, sabahın partiyasıdır" ifadəsi partiyanın strateji hədəflərini özündə tam əks etdirir. Azərbaycanı son 30 ildə xaosdan sabitliyə, vətəndaş qarşıdurmasından milli birliyə, tənəzzüldən sabit və dayanıqlı inkişaf yoluna çıxaran YAP bu gün həm də Zəfər Partiyası kimi qəbul olunur. Məhz bu faktorlar da belə deməyə kifayət qədər zəmin yaradır ki, Prezident İlham Əliyevin qazandığı hər bir uğur həm də Yeni Azərbaycan Partiyasının qələbəsidir.

O da təsadüfi deyil ki, bu gün 800 minə yaxın üzvü olan partiyanın yarısına qədərini məhz gənclər təşkil edir. Cəmiyyətin ən dinamik təbəqəsini təşkil edən gənclərin böyük əksəriyyəti YAP sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə fəal iştirak edir. Ölkəmizdə bu sahədə həyata keçirilən uğurlu gənclər siyasəti ilə yanaşı, YAP-ın da Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirməsi bu kateqoriyadan olan insanların müxtəlif layihələr vasitəsilə partiya sıralarında aktiv ictimai fəal olmalarına gətirib çıxarır. Bu illər ərzində gənc kadrların idarəetmədə önə çəkilməsi, onların dövlət proqramları ilə dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaları dövlətimizin gələcəyə yönəlmiş insan kapitalı investisiyasıdır.

Dövlətin mühüm sahələrində həyata keçirilən islahatlar fonunda YAP-da da çoxsaylı münbit və müsbət dəyişikliklər icra edildi. Bu baxımdan partiyanın son qurultayı xüsusilə vurğulanmalıdır. Həmin qurultay həm partiyanın, həm də Azərbaycan xalqının gələcəyi baxımından əlamətdar qərarların qəbulu ilə yadda qaldı. Artıq bütün ilk təşkilatlarda yenilənmə, daha fəal siyasi-ideoloji səfərbərlik uğurla aparılır. Sabitlik, inkişaf və tərəqqi kursuna layiqli töhfələrini verən YAP ölkədə geniş vüsət almış islahatlarda da yaxından iştirak edir, yüksək təşkilatçılıq, təşəbbüskarlıq nümayiş etdirir.

Mehriban xanım Əliyevanın YAP-ın V Qurultayında partiya Sədrinin müavini, ötən il isə Sədrin birinci müavini seçilməsi bütövlükdə partiyanın sıralarının genişlənməsinə böyük təkan verdi

Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyəti dönəmində ən mühüm müsbət məqamlardan biri də Azərbaycanın birinci xanımı, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın partiya işinə verdiyi böyük töhfələrdir. Mehriban xanım Əliyevanın YAP-ın V Qurultayında partiya Sədrinin müavini, ötən il isə Sədrin birinci müavini seçilməsi bütövlükdə partiyanın sıralarının genişlənməsinə böyük təkan verdi. 2017-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilən Mehriban Əliyeva dövlət idarəçiliyindəki mütərəqqi fəaliyyəti ilə həm də hakim partiyanın cəmiyyətdəki nüfuzunu yüksəldib.

Artıq bu gün əminliklə qeyd edə bilərik ki, məhz Azərbaycan yaxın və uzaq ölkələrdən fərqli olaraq ictimai-siyasi sabitliyi, dinamik inkişafı və sosialyönümlü siyasəti ilə seçilir. Söz yox ki, bu prosesdə Yeni Azərbaycan Partiyasının və onun üzvlərinin fədakar fəaliyyəti, möhtərəm Sədrimizin siyasi kursuna dönməz sədaqəti mühüm rol oynayır, aparıcı mövqe tutur.

İlham Əliyevin Liderliyi altında müstəqil Azərbaycan Respublikası bundan sonra da inkişaf etməyə və yüksəliş hədəflərinə çatmağa nail olacaq

YAP-ın beynəlxalq statusu da bu müstəvidə öz uğur sözünü deməkdədir. Əlbəttə ki, qazanılan böyük uğurlar, Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu liderlərindən biri kimi qəbul olunması hakim partiyanın beynəlxalq nüfuz və mövqeləri ilə yanaşı, xarici əməkdaşlıq imkanlarını da genişləndirir. Bu gün YAP qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın aparıcı siyasi partiyaları ilə faydalı əlaqələrini genişləndirir. Eyni zamanda partiyamız Cənubi Qafqazda sosial baza və üzv sayına görə ən güclü, ən böyük siyasi təşkilatdır. Həmçinin dünyanın güc mərkəzləri arasında sərt və mürəkkəb mübarizənin getdiyi bir dövrdə Prezident İlham Əliyevin apardığı siyasət əksər dövlətlər üçün örnək rolunu oynaya bilər.

Artıq bu gün xalqımız birmənalı əmindir ki, İlham Əliyev faktoru Azərbaycanın güclənməsi və daha qüdrətli ölkəyə çevrilməsi amili ilə təsdiqlənir. Habelə, İlham Əliyevin şəxsiyyət faktoru Azərbaycanda milli birliyin, dinamik inkişafın, qlobal nüfuzun əsas təminatçısıdır. Bu gün xalqımız - bütün yaş qruplarının, sosial zümrələrin, etnik qrupların təmsilçiləri birmənalı olaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər və daha xoş gələcəyə inanırlar. Bizlər əminik ki, cənab İlham Əliyevin Liderliyi altında müstəqil Azərbaycan Respublikası bundan sonra da inkişaf etməyə və yüksəliş hədəflərinə çatmağa nail olacaq. Ulu Öndər Heydər Əliyev yolunun əsgərləri, İlham Əliyev siyasi kursunun icraçıları olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyik.