YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Bakıda İCAPP-ın “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransı keçirilib

Noyabrın 22-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (İCAPP) "Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu" mövzusunda xüsusi konfransı keçirilib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbirdə açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarını Yeni Azərbaycan Partiyası və şəxsən öz adından səmimi salamlayıb, “Azərbaycana xoş gəlmisiniz” deyib: “Təşəbbüsümüzü və təklifimizi qəbul edərək İCAPP-ın xüsusi konfransının Bakıda keçirilməsinə razılıq verdikləri üçün İCAPP-ın rəhbərliyinə təşəkkürümü bildirirəm. Dəvətimizi qəbul edib ölkəmizə səfər edən və bugünkü tədbirdə iştirak edən müxtəlif ölkələrin nüfuzlu siyasi partiya mənsublarına səmimi minnətdarlığımı ifadə edirəm. Biz dünən Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisə olan 30 illik yubileyi sizinlə birlikdə qeyd etdik. Fürsətdən istifadə edərək, bizim yubiley tədbirinə qatıldığınız və bizim sevincimizi bölüşdüyünüz üçün sizin hər birinizə hörmət və ehtiramımı bildirirəm”.

Tahir Budaqovun sözlərinə görə, qloballaşan dünyamızda, təəssüflər olsun ki, qarşıdurmalar, insanların həyatı üçün ciddi təhlükələr sürətlə artır: “Belə bir zamanda, hesab edirəm ki, dialoqa, birgə müzakirələrə, əməkdaşlığa daha çox ehtiyac var. Çünki müharibələrə, münaqişələrə silah gücü ilə deyil, məhz qarşılıqlı anlaşma şəraitində dialoq yolu ilə son qoymaq, sülhə, barışığa nail olmaq mümkündür. Yüksək diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bölgədə sabitliyin bərqərar edilməsi, Cənubi Qafqaz regionunda və bütövlükdə dünyada möhkəm sülhə, qarşılıqlı əməkdaşlığa nail olunması istiqamətində çox işlər görülüb və bu gün də görülməkdədir. Müxtəlif dini konfessiyaların, çoxsaylı millətlərin uzun illər əminamanlıq şəraitində rahat yaşadığı Azərbaycanda sülh, barışıq, tolerantlıq dövlətin ən prioritet məsələsi olmaqla yanaşı, həm də tarixi sərvəti hesab edilir. Bizim hamımızın vahid evi olan Yer kürəsini qorumağın, dövlətlər və xalqlar arasında möhkəm sülhə nail olmağın, insanlara təhlükəsiz, rahat həyat bəxş etməyin yeganə yolu ambisiyalardan, cılız hisslərdən uzaq olan qarşılıqlı əməkdaşlıq, bir-birinə hörmət və səmimi münasibətdir. Yalnız birgə fəaliyyət yolu ilə dünyamızın siyasi atmosferini saflaşdıra, onu sağlamlaşdıra və gözəlləşdirə bilərik. Gələcək nəsillər qarşısında məsuliyyətimiz də bunu tələb edir. Hesab edirəm ki, xalqların, dövlətlərin müqəddəratı ilə bağlı bu vacib məsələyə beynəlxalq ictimaiyyət, eləcə də ölkələrin aparıcı siyasi partiyaları da mühüm töhfə verə bilər. Bizim konfransımızın mövzusu da təsadüfən seçilməyib, təhlükəsizlik və əməkdaşlıq məsələsi çağdaş dövrümüzlə və onun tələbləri ilə tamamilə həmahəngdir”.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Azərbaycanın uzun illər Ermənistanın hərbi təcavüzünə məruz qaldığını xatırladıb: “Təəssüflər olsun ki, ikili standartlı yanaşma səbəbindən BMT Təhlükəsizlik Şurasının münaqişəyə son qoyulması və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsi icra edilməmiş, sadəcə kağız üzərində qalmışdır. Həmişə sülhün, barışığın tərəfdarı olmuş ölkəmizin bu münaqişənin danışıqlar yolu ilə həllinə davamlı cəhdləri də müsbət nəticələnməmişdir. Əksinə, müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçıran Ermənistan yeni torpaq iddiaları irəli sürərək vəziyyəti daha da mürəkkəbləşdirməyə davam etmişdir. Buna görə də 2020-ci ildə Azərbaycan Ordusu Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatına başlayaraq 44 gün ərzində işğala son qoyaraq torpaqlarımızı azad etdi. Azərbaycan beynəlxalq hüquq prinsiplərinə istinad edərək həm tarixi ədaləti bərpa etdi, həm də BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını təmin etdi. Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanat iki ölkə arasında sülhün əldə olunmasına zəmin yaratmışdır. Lakin Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Düşünürəm ki, bugünkü konfransımız da Cənubi Qafqazda davamlı əməkdaşlıq yolu ilə sülhün və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş səylərə beynəlxalq ictimaiyyətin dəstəyini gücləndirəcəkdir”.

Tahir Budaqov əmin olduğunu söyləyib ki, konfrans yüksək işgüzar fəallıq, məhsuldar müzakirələr şəraitində keçəcək, iştirakçıların mövzu ilə bağlı sanballı, konkret təklifləri ilə seçiləcək və hazırda dünyamızda ən həssas məsələ olan sülhyaratma və sülhənailolma proseslərinə öz layiqli töhfəsini verəcək: “İnanıram ki, ümumilikdə Bakı konfransı Asiyanın 370-dən artıq siyasi partiyasını öz ətrafında birləşdirən İCAPP ailəsi üçün əlamətdar və yadda qalan bir tədbir olacaq. Əziz dostlar, sizi bir daha səmimi salamlayır, konfransımızın işinə və hər birinizə uğurlar arzulayıram”.

Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına məktubunu oxuyub.

İCAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının sabiq xarici işlər naziri, Milli Təhlükəsizlik Ofisinin keçmiş direktoru Çunq Eu-yonq videoformatda çıxış edərək konfrans iştirakçılarını salamlayıb, Yeni Azərbaycan Partiyasına İCAPP-ın “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusuna həsr olunmuş xüsusi konfransına ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib. O, İCAPP adından Azərbaycan dövlətinə və xalqına YAP-ın 30 illiyi münasibətilə təbriklərini çatdırıb.

Çunq Eu-yonq qeyd edib ki, Azərbaycan regionun aparıcı dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Heydər Əliyevin gələcəyə baxışı, cəsarəti və öz xalqına inamı nəticəsində mümkün olub. Eyni zamanda, Prezident  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətləri çox yüksək qiymətləndiririk.

YAP-ın İCAPP-ın önəmli tədbirlərinə ev sahibliyi etdiyini deyən Daimi Komitənin həmsədri xatırladıb ki, bunun nəticəsində İCAPP gələcəyə baxışını daha da genişləndirib və Asiya cəmiyyətlərini stabillik, harmoniya və inkişafa səsləyə bilib. Bugünkü konfransın “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusuna həsr edilməsi çox düzgün qərardır. O söyləyib ki, dünyada təhlükəsizliyə təhdid yaradan hallara qarşı ciddi mübarizə aparılmalı və problemlər beynəlxalq miqyasda danışıqlar vasitəsilə həll olunmalıdır. Təhlükələrin qarşısını almaq və sülhün bərqərar olması üçün dialoq və diplomatiya yeganə və ən yaxşı yoldur. İCAPP-ın Daimi Komitəsinin həmsədri diqqətə çatdırıb ki, heç bir dövlət mövcud çətinliklərə təkbaşına cavab verə bilməz: “Bunların hamısı qlobal çətinliklərdir və onlar qlobal cavab tələb edir. Ona görə də biz resurslarımızı, cəhdlərimizi bir araya gətirməliyik. Biz hamımız birlikdə yaxından işləməliyik. Heç bir ölkə bir-birindən ayrı deyildir. Biz əlimizdən gələni etməliyik ki, geosiyasi təhlükəsizlik bərqərar olsun və dünya hamımız üçün daha təhlükəsiz məkana çevrilsin. Biz insanların şəraitini, rifahını hər şeydən üstün tutmalıyıq. Siyasi partiyalar cəmiyyətin hər bir təbəqəsi ilə sıx bağlıdır. Ona görə də partiyalar bu istiqamətdə çalışmalıdırlar. Fikir mübadiləsi aparılmalı və güclü strategiyalar işlənib hazırlanmalıdır. Beləliklə, partiyalar ictimai fikri hökumət siyasətinə çevirməlidirlər. Siyasi partiyalardan tələb olunur ki, beynəlxalq tədbirlərdə fəal tərəfdaş kimi çıxış etsinlər. İCAPP bu baxımdan unikal platformadır”.

“Birgə işləyərək biz bu məsələlərə daha dərindən baxmalıyıq və elə bir yol tapmalıyıq ki, sülh bərqərar olsun. Mən inanıram ki, siyasi partiyaların sülhyaratma prosesinə cəlb edilməsi qlobal təhlükəsizliyin təmin olunması baxımından yaxşı imkandır. Ümidvaram ki, bizim cəhdlərimizlə bu xüsusi konfrans dünyamızı daha yaxşı, təhlükəsiz  bir məkana çevirmək üçün bəşəriyyətə çox mühüm bir imkan yaradacaq”,- deyə İCAPP-ın Daimi Komitəsinin həmsədri qeyd edib.

Sonra konfrans iştirakçıları birgə foto çəkdirib.

Daha sonra Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Xarici əlaqələr şöbəsinin sədr müavini Afif Demirkıranın moderatorluğu ilə “Sülh quruculuğu prosesində siyasi partiyaların iştirakı” mövzusunda sessiya keçirilib.

AK Partinin Xarici əlaqələr şöbəsinin sədr müavini Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibəti ilə təbriklərini çatdırıb: “Qürur hissi duyuram ki, İCAPP-ın xüsusi konfransı çox gözəl bir şəhər olan Bakıda keçirilir. Biz İCAPP ailəsi olaraq istərdik ki, bir daha Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibəti ilə təbriklərimizi çatdıraq”.

O qeyd edib ki, yaşadığımız dünyada müharibələr və münaqişələr çoxdur. “İnsanlar hər zaman sülh barəsində danışır. Amma dünya ciddi təhdidlərlə üz-üzədir” ,- deyən A.Demirkıran söyləyib ki, siyasi partiyaların təhlükəsizliyin və sülhün təmin olunmasında mühüm rolu var: “Siyasi partiyalar sülhün təmin olunması prosesində fəal iştirak edə və münaqişələrdən sonra dialoqun başlanmasını həyata keçirə bilərlər”.

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, 1992-ci ildə YAP-ın yaradılması milli inkişafın təmin olunması üçün vacib idi. Diqqətə çatdırıb ki, o vaxt ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə müsbət cavab verdi və xalqın iradəsi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən partiya yaradıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü dövlətə çevrildiyini vurğulayan Səməd Seyidov bildirib ki, Vətən müharibəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Bununla da Azərbaycan regionda yeni reallıq yaratdı.

İCAPP-ın Daimi Komitəsinin üzvü, Rusiyanın “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvü, Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimov xüsusi konfransın çox mühüm məsələlərə həsr olunduğunu bildirib. A.Klimov qeyd edib ki, dünyada əsas prinsiplərdən biri beynəlxalq normalar əsasında dövlətlərin suverenlik hüququna müdaxilə etməməkdir. Lakin təəssüf ki, bəzi ölkələr digər dövlətlərin suverenliyinə, daxili işlərinə müdaxilə etməyə çalışırlar. Andrey Klimov sülh və təhlükəsizlik məsələlərində partiyaların əməkdaşlığının vacib olduğunu söyləyib.

Kamboca Xalq Partiyası Mərkəzi Komitəsinin üzvü Xeav Sambat təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, YAP-ın 30 illiyi münasibətilə təbriklərini çatdırıb. O, həmçinin YAP-ın fəaliyyətini yüksək qiymətləndirib.

X.Sambat Kamboca Xalq Partiyasının ölkənin aparıcı qüvvəsi olaraq sülh siyasətini dəstəklədiyini söyləyib. O qeyd edib ki, Kamboca kiçik ölkə olsa da, dünyadakı sülh məsələlərinə məsuliyyətlə yanaşır.

İCAPP-ın Daimi Komitəsinin üzvü, Koreya Milli Assambleyasının üzvü və İCAPP Parlamentarilər İttifaqının sədr müavini Ha Tae-keunq bildirib ki, bu il Azərbaycan ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının otuzilliyi qeyd edilib. O diqqətə çatdırıb ki, Azərbaycanla Koreya Respublikası arasında müdafiə, iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzindədir.

Siyasi partiyaların sülh və təhlükəsizlik məsələlərində aktiv roluna toxunan Ha Tae-keunq beynəlxalq təşkilatlar vasitəsilə əməkdaşlığın daha da genişləndirilməsinin və gücləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, gələn ilin aprelində İCAPP Biznes Şurasının yaradılması rəsmi şəkildə elan olunacaq və bu, əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsinə təkan verəcək.

Sonra YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən biri Sudeyf İmamverdiyev çıxış edib. O, 1990-cı illərin əvvəlində ölkəmizdə mövcud olan siyasi böhran şəraitində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu bildirib. Belə bir çətin vəziyyətdə xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın inkişaf yoluna qədəm qoyduğunu deyən Sudeyf İmamverdiyev bildirib ki, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

“Siyasi partiyalar arasında əməkdaşlıq vasitəsilə regional və qlobal təhlükəsizliyin təşviqi” mövzusunda keçirilmiş sessiyada çıxış edən Türkiyənin Ədalət və İnkişaf Partiyasının Xarici Əlaqələr Departamentinin sədr müavini Mehmet Ceylan xüsusi konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. O qeyd edib ki, möhkəm ənənələr əsasında qurulmuş partiyalar beynəlxalq sülhün təmin olunmasında mühüm rola malikdir. Bu konfrans fikir mübadiləsi və beynəlxalq məsələləri müzakirə etmək üçün çox vacib platformadır.

“Cənubi Qafqazdakı son hadisələr gündəliyimizin ən vacib məsələlərindəndir. Vətən müharibəsində Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi regionda yeni əməkdaşlıq imkanları yaradır. Ermənistan yaranmış bu imkanları dəyərləndirməli, Azərbaycanla sülh sazişi imzalamalıdır”, - deyə M.Ceylan qeyd edib. O, həmçinin bildirib ki, Ermənistandakı təxribatçı çıxışlara baxmayaraq, Azərbaycan sülh üçün mühüm təşəbbüslər irəli sürür.

Laos Xalq İnqilab Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsi sədrinin müavini Somfon Siçaleun qeyd edib ki, Bakıda keçirilən xüsusi konfrans YAP-ın yaradılmasının  30 illiyinə təsadüf edir və bu, önəmli tarixi hadisədir. O, YAP üzvlərini bu münasibətlə təbrik edib və partiyaya fəaliyyətində uğurlar arzulayıb.

“Hazırkı dövrdə qlobal təhlükəsizliyin təmin olunması çox vacibdir. Bunun üçün siyasi partiyalar əməkdaşlıq etməlidirlər. Partiyalar arasındakı əməkdaşlıq yeni dövrün çağırışlarına cavab vermək üçün vacibdir. Biz çalışmalıyıq ki, işbirliyini genişləndirməklə çağırışların öhdəsindən gələk”, - deyə Somfon Siçaleun diqqətə çatdırıb.

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bildirib ki, Asiya regionunda və bütün dünyada sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması istiqamətində siyasi partiyaların əməkdaşlığının gücləndirilməsində İCAPP-ın rolunun genişləndirilməsi xüsusilə əhəmiyyətlidir. O deyib ki, İCAPP-ın təşkilatçılığı ilə keçirilən bugünkü konfrans qeyd edilən məsələlərin həlli istiqamətində müzakirələrin təşkilində oynadığı rola görə mühüm önəmə malikdir.

Azərbaycanın müstəqil xarici siyasətinin fonunda Yeni Azərbaycan Partiyasının fəaliyyətində beynəlxalq əməkdaşlığın prioritet olduğunu bildirən A.Sofiyeva qeyd edib ki, partiya həm İCAPP, həm də qurumda təmsil olunan ölkələrin siyasi partiyaları ilə münasibətləri inkişaf etdirmək üçün səylər göstərir.

Malayziya Çinli Assosiasiyası Beynəlxalq Kommunikasiya və Diplomatiya Bürosunun Sədri, Mərkəzi Komitəsinin üzvü Ti Çinq Senq YAP-ın təsis olunmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb. O, siyasi partiyaların bəşəriyyət üçün aktual və önəmli məsələlərlə əlaqədar əməkdaşlığının vacibliyini qeyd edib. Vurğulayıb ki, siyasi partiyalar sülh quruculuğuna, regional təhlükəsizliyə öz töhfələrini verməlidirlər.

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Nqo Le Van xüsusi konfransda müzakirə olunan mövzunun çox aktual olduğunu söyləyib. O, siyasi partiyaların sülh və təhlükəsizlik məsələsini müzakirəyə çıxarmasının təqdirəlayiq olduğunu nəzərə çatdırıb.

Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri Beycan İlyas xüsusi konfransın keçirilməsinin əhəmiyyətindən bəhs edib. Tədbirə dəvətə görə təşəkkürünü bildirən B.İlyas Yeni Azərbaycan Partiyası ilə Türk Demokratik Partiyası arasında səmərəli əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb və eyni zamanda, İCAPP-ın fəaliyyətinin siyasi partiyalar arasında dialoqun inkişafı baxımından önəm kəsb etdiyini deyib.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar siyasi sferanı da əhatə edir. Bu islahatlar nəticəsində ümummilli, sülh və təhlükəsizlik məsələləri ilə bağlı siyasi partiyalar birlik və həmrəylik nümayiş etdirirlər. Onun sözlərinə görə, İCAPP-a üzv siyasi partiyalar da bu konfransda müzakirə olunan məsələlərlə əlaqədar sıx əməkdaşlıq etməlidirlər.

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, Milli Məclisin deputatı Erkin Qədirli deyib ki, təhlükəsizlik amili beynəlxalq münasibətlərin əsasını təşkil edir. Siyasi partiyalar da təhlükəsizlik məsələsində aktiv əməkdaşlıq etməlidirlər. Bu baxımdan, keçirilən xüsusi konfrans böyük əhəmiyyət kəsb edir.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxışında təhlükəsizlik və əməkdaşlıq sahəsində gənclərin rolundan bəhs edib. Bu sahədə ölkəmizdə mövcud olan müsbət vəziyyətdən danışan Bəxtiyar İslamov qeyd edib ki, İCAPP-a daxil olan siyasi partiyaların gənclərinin də sülh və təhlükəsizlik kontekstində aktual məsələlərlə əlaqədar müzakirələr aparmaq və əməkdaşlıq etmək üçün böyük potensialı var.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, sülh və təhlükəsizlik məsələsi bu gün qlobal çağırışdır. Pərvin Kərimzadənin sözlərinə görə, İkinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad etməklə regionda qaynar münaqişəyə son qoydu. YAP İdarə Heyətinin üzvü Azərbaycan qadınlarının cəmiyyətdəki rolundan, sülh naminə təşəbbüslərindən də bəhs edib.

Sonra İCAPP-ın “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının Bakı Bəyanatı qəbul olunub. Bəyanatı Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının baş katibi Ço Byunq-cae səsləndirib.

Konfransın yekununda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini Əli Əhmədov bildirib ki,  ayrı-ayrı ölkələri,  bütün bəşəriyyəti narahat edən çox vacib çağırışlardan biri sülh və təhlükəsizlik məsələsidir. İCAPP-ın bu mövzuya həsr olunmuş xüsusi konfransının keçirilməsi mühüm əhəmiyyətə malikdir: “Mən İCAPP-ın Asiyanın siyasi həyatında rolunu ayrıca qeyd etmək istəyirəm. Fəaliyyət göstərdiyi dövrdə Asiyada ayrı-ayrı siyasi problemlərlə əlaqədar çox ciddi müzakirələr aparılıb. İnanıram ki, İCAPP bundan sonra Asiyada siyasi dialoqun təmin edilməsində və dərinləşməsində daha böyük işlər görəcək”.

Əli Əhmədov mövcud çağırışlar fonunda İCAPP tərəfindən Asiya Təhlükəsizlik Konfransı adlı platformanın yaradılmasını təklif edib.

Sonda İCAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının sabiq xarici işlər naziri, Milli Təhlükəsizlik Ofisinin keçmiş direktoru Çunq Eu-yonq çıxış edərək “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda keçirilən xüsusi konfransda geniş fikir mübadiləsinin aparıldığını və bunun gələcək əməkdaşlığa mühüm töhfə olduğunu diqqətə çatdırıb.