YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda 21-ci Azərbaycan Beynəlxalq qida sənayesi sərgisi açılıb

Mayın 21-də Bakı Ekspo Mərkəzində 21-ci Azərbaycan Beynəlxalq qida sənayesi (“WorldFood Azerbaijan–2015”), 9-cu Azərbaycan Beynəlxalq kənd təsərrüfatı (“CaspianAgro – 2015”) və 4-cü Xəzər Beynəlxalq qablaşdırma, tara, etiket və poliqrafiya (“Ipack Caspian - 2015”) sərgiləri açılıb.

Sərgilərin təşkilatçıları “Iteca Caspian” MMC və “ITE Group PLC” şirkətidir. Sərgilər Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.

Hər il keçirilən Azərbaycan Beynəlxalq qida sənayesi (“WorldFood Azerbaijan - 2015”) sərgisində həm Azərbaycan, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distribüterləri və təchizatçıları iştirak edirlər. Bu il sərgi iştirakçılarının ümumi sayı 250 şirkətdən çoxdur və sərgidə Belarus, Bolqarıstan, Almaniya, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Koreya, Litva, Niderland Krallığı, Polşa, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Fransa, Çexiyadan və digər ölkələrin şirkətləri təqdim olunur. Sərginin ənənəvi bölmələrində balıq, mal, qoyun və quş əti, konservləşdirilmiş süd məhsulları, baqqaliyyə və qənnadı məmulatları, soyuducu sistemlər, içkilər və bir çox digər məhsullar təqdim olunur. Sərgidə çörəkxanalar üçün avadanlıq və qablaşdırma avadanlıqlarını da görmək mümkündür.

9-cu Azərbaycan Beynəlxalq kənd təsərrüfatı (“CaspianAgro – 2015”) sərgisi Bakı Ekspo Mərkəzinin iki pavilyonunu və xarici meydançasını tutur. Bu il sərgi iştirakçılarının ümumi sayı 250 şirkətdən çoxdur və onların arasında Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Koreya, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa və digər ölkələrdən kənd təsərrüfatı məhsulları və avadanlıqlarının istehsalçıları və distribüterləri var. İlk dəfə olaraq, sərgidə Şri-Lanka və İordaniya şirkətləri də iştirak edirlər.

Sərgidə Azərbaycanın kənd təsərrüfatı bazarının mənimsənilməsi istiqamətində ilk addımlarını atan bir çox yeni şirkət iştirak edir. Ənənəvi olaraq, Azərbaycanın regionlarından gələn sahibkar və fermerlərin ən yeni avadanlıq və texnika ilə tanış olmaları üçün “Caspian Agro” sərgisində infoturlar (məlumatlandırma turları) təşkil olunur. Bütövlükdə, sərgi kənd təsərrüfatı sahəsinin ən aktual istiqamətlərini əhatə edir və bir sıra yeni məhsulla tanış olmaq imkanı yaradır.

“Ipack Caspian - 2015” sərgisi qablaşdırma materialları ilə yanaşı, qablaşdırmanın istehsalı və tərtibatı üçün avadanlıqları, habelə müxtəlif sənaye sahələri üçün tara və hazır qablaşdırma məhsullarını təqdim edir.

Sərgilər mayın 23-dək davam edəcək.