YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qubadlı rayon təşkilatı partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirib

Noyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub və Şəhidlərin abidə kompleksinin ziyarət edilib.

Sonra Qubadlı rayon məktəblərinin müəllim və şagird kollektivinin rəsm və əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.

Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə “Yeni Azərbaycan Partiyasının Müasir Azərbaycanın tərəqqisində rolu ” mövzusunda məruzə ilə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirib ki, Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət edib: “YAP öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib. Ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmaqdadır. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük əksəriyyəti gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. İki il öncə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını əbədi olaraq tarixə qalib xalq kimi yazdırdı”.  

YAP Veteranlar Şurasının üzvü Əli Həsənov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərdən danışıb. Vurğulayıb ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixi ölkəmizin ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi sayılır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. 30 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib.

YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi: “O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Bu gün əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz regionda güc amilinə, dünya birliyində söz sahibinə çevrilib”.

Milli Məclisin deputatı İmamverdi İsmayılov çıxışında vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında deyib ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəliləyir. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməklə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu gün işğaldan azad edilmiş torpaqlarda geniş abadlıq-quruculuq işləri görülür.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi Şükür Həmidovun atası Nəriman Həmidov və qazi, müəllim Sənan Həsənov çıxış ediblər.

Sonda Vətən müharibəsi iştirakçılarına orden və medallar, partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərman və Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.