YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edərkən türk dünyasının birliyindən, eləcə də ölkəmizin türk ölkələrinin birliyi üçün gördüyü işlərdən bəhs edən Prezident cənab İlham Əliyev eyni zamanda Azərbaycan həqiqətlərinə də diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, Azərbaycan xalqı Qarabağ və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. İki il əvvəl Azərbaycan Ordusu erməni işğalına son qoydu və torpaqlarımızı azad etdi. 30 illik  erməni işğalına son qoyan Azərbaycan həmçinin tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bundan əlavə, ölkəmiz həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi.

Baxmayaraq ki,  otuzillik işğal bitib, lakin  onun ağır fəsadları hələ də qalmaqdadır. 9 şəhər və yüzlərlə kəndimiz Ermənistan tərəfindən yer üzündən silinib. Erməni işğalı və vandalizminin miqyasına diqqət çəkən Prezident  cənab İlham Əliyev bildirdi ki, vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. İşğal zamanı bütün infrastrukturla yanaşı Azərbaycana məxsus dini abidələr də yerlə yeksan edilib. Belə ki, 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər 2 məscid isə ciddi zərər görmüş, donuz, inək saxlanılması üçün istifadə olunmuşdur. Bu, bütün müsəlman dünyasına təhqir olmaqla yanaşı Ermənistanın rəsmi ideologiyasının bünövrəsinin islamofobiya və türkofobiya olduğunu sübut edir.

İşğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistan post-münaqişə  dövründə də müharibə cinayətlərini davam etdirir. Ermənistan işğal zamanı ərazilərimizdə bir milyondan çox mina basdırıb. Azərbaycan vətəndaşları  Ermənistanın müharibə cinayətlərindən bu gün də əziyyət çəkilər. Belə ki, Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Ermənistan hərbi təxribatlarından da qalmır, sərhəddə vaxtaşırı təxribatlar törədir. Cari ilin sentyabr ayında da Ermənistan genişmiqyaslı  təxribatlara cəhd etmiş, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur olmuşdu.

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Prezident İlham Əliyev bildirdi ki,  təxribatlarda maraqlı olan Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Azərbaycan ordusu öz torpaqlarında vuruşub və Ermənistan ordusunu məğlub edib. Azərbaycan Ordusu bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarındadır. Artıq Qarabağ münaqişəsi də tarixdə qalıb və İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar yaradıb. Yaranmış yeni reallıqlardan biri də Zəngəzur dəhlizinin yaradılmasıdır ki, bundan bütün region ölkələri faydalanacaq. Azərbaycan isə Zəngəzur dəhlizini fəal şəkildə təşviq edir və dəhlizin yaradılması üçün öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir.