YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ədalətli sülh istəyir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Tariximizin yeni - Zəfər mərhələsinin başlamasından 2 il ötür. Tarix baxımdan çox qısa bir müddət olan 2 il öncə dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində öz şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. Erməni təxribatına cavab olaraq sentyabrın 27-də başlanan növbəti əks-həmlə 44 gündə Zəfərlə başa çatdı. Son iki onillikdə Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin səyi ilə ölkə iqtisadiyyatının gücləndirilməsi, valyuta ehtiyatlarının yaradılması, ordunun müasir texnika ilə təchiz edilməsi və diplomatiya sahəsində qazanılan uğurlar Azərbaycan Ordusunun zəfər yürüşünə başlamasına şərait yaratdı. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu qəhrəman, yenilməz, məğrur xalq olduğumuzu bir daha dünyaya nümayiş etdirdi. Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin müqəddəratını həll etdi. Noyabrın 10-da Ermənistanın baş naziri kaputilyasiya aktına imza atdı. Bundan sonra Ağdam, Laçın, Kəlbəcər rayonları bir güllə atılmadan özümüzə qaytarıldı.

Cari ilin noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışı zamanı qeyd etdiyi kimi alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.

Hamımıza bəllidir ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir. Bunun sayəsində gənclərimiz Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsində buna şahid olduq ki, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə gözlərini qırpmadan gedirdilər. Həmçinin, Azərbaycanda yaşayan bütün xalqlar İlham Əliyevin apardığı siyasət nəticəsində bir ailə kimi birləşdilər və üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşamağımıza səbəb olan bu birliyi əbədi olaraq qoruyacağıq. Çünki insanları kimi dövləti də ədalətli olan Azərbaycan həmişə üzərinə düşən öhdəlikləri yerinə yetirir. Necə ki, 2020-ci ilin 10 noyabr Bəyanatında üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında yerinə yetirir.

Lakin təəssüflər olsun ki, bu sözləri Ermənistan üçün deyə bilmirik. Məsələn, Zəngəzur dəhlizinin açılmasını öz üzərinə öhdəlik götürən Ermənistan iki il ərzində bu öhdəliyini yerinə yetirmədi. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respub­likası arasında yol bağlantısı hələ də yaradılmayıb. Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş olsaydı 13-14 sentyabr hadisələri baş verməzdi. Təbii ki, əgər onlar öz üzərlərinə götürdükləri öhdəliklərə əməl etsəydilər törətdikləri növbəti hərbi təxribatın cavabı da fərqli olardı. Bəllidir ki, Zəfərdən sonra Qarabağı və Şərqi Zəngəzuru yenidən quran Azərbaycan yalnız bununla qalmır, Ordumuzu da gücləndirir.

Bir sözlə, müharibədən keçən iki il ərzində öz siyasətini davam etdirən Azərbaycan iki il ərzində böyük quruculuq işlərinə imza ataraq Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qurmaqla qalmamış, eyni zamanda, Ordumuzun gücləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Erməni xalqı obyektiv həqiqəti anlamalıdır. Anlamalıdır ki, Azərbaycan müharibə istəmir, sülh istəyir - ədalətli sülh istəyir.