YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Konstitusiyamiz ölkəmizin inkişafının fundamental əsasını təşkil edir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri 

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev daim bu çağırışı edir ki,  bu və ya digər beynəlxalq təşkilatlara qəbul olunmaqda məqsədimiz Azərbaycanın dəyərlərini dünyanın qabaqcıl ölkələrinin meyarlarına uyğunlaşdırmaqdır. Atılan addımlar hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, ölkənin uğurlu gələcəyi üçündür.

Ümummilli Lider Azərbaycanın bu günü və gələcəyi üçün elə möhkəm təməl formalaşdırıb ki, uğurlarımız qaçılmazdır. Bütün inkişafın əsasında dayanan sabitlik, qanunun aliliyinin təmin edilməsi, eyni zamanda, demokratik inkişafın vacib amili kimi önə çəkilir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü  Azərbaycanın bu günü və gələcəyi üçün atılan addımlarla zəngindir. Dahi şəxsiyyətin  xalq qarşısında tarixi xidmətlərindən biri 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsinin hazırlanmasıdır.  1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddədə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” fikirləri öz əksini tapıb. Bu tarixi addım ulu öndər Heydər Əliyevin ana dilinə böyük hörmətinin, dəyərinin ifadəsi idi. Bu fikri böyük inamla  və qürurla qeyd edirik ki,  Ümummilli Liderin 1970-1980-cı illərdə milli dil sahəsində apardığı siyasət ölkəmizdə  milli dirçəliş, milli mənlik şürunun  inkişafı prosesini sürətləndirdi və Azərbaycan xalqını müstəqillik qazanmağa hazırladı. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır. 1995-ci ilin mayında Ümummilli Liderin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırılmışdı. Komissiyanın hazırladığı  Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verilmişdi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir.  Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Keçmiş sovet Konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi.

Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması dövlətimizin  başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən fikir, mətbuat, vətəndaşların sərbəst toplaşma  azadlığı, dini etiqad azadlığı tam şəkildə təmin edilir. 1995-ci ildən imzalanan əfv sərəncamları  və Amnistiya aktları da dövlətin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət göstərdiyini  təsdiqləyir. Humanizm prinsipi dövlətin siyasətində mühüm yer tutur.  Bu kimi sərəncamlar eyni zamanda vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir. “Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir” söyləyən dövlət başçısı İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər davamlılığı ilə diqqət çəkir. Onu da qeyd edək ki, Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Əsas Qanunun 48 maddəsi, yəni üçdə biri insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. 27 ildə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə  3 dəfə keçirilən ümumxalq səsverməsinə çıxarılan məsələlərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə idarəçilik sistemində təkmilləşməyə xidmət edir.  Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunub.

Qısa təhlil bu qənaətə əsas verir ki, Konstitusiyamız ölkəmizin müstəqilliyinin, demokratikliyinin və inkişafının fundamental əsasını təşkil edir və bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir.