YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Konstitusiya dövlətin xarakteristikasıdır

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Təxminən 1 ay əvvəl – oktyabrın 18-də “Müstəqillik günü”nü, bir neçə gün bundan öncə də “Bayraq bayramı”nı qeyd etdik. Hər iki bayramda da, ümumiyyətlə Azərbaycanın dövlət quruculuğu və müstəqilliyi ilə əlaqədar real aktların müəllifinin ümummilli liderimiz olduğunu vurğuladıq.

Bir yerə işə düzələndə, təhsil müəssisəsinə qəbul edilmək istəyəndə hər bir insandan istənilən əsas sənədlərdən biri – xasiyyətnamə (xarakteristika) deyilən bir sənəd olur. Niyə istənir o sənəd? Çünki o sənəd vasitəsilə o insan haqqında təsəvvür formalaşır. Dövlət üçün Konstitusiya xasiyyətnamə kimi bir şeydir. O dövlətin necə dövlət olduğu, hansı prinsiplərlə yaşadığı, vətəndaşları üçün hansı hüquqi, sosial, iqtisadi baza yaratdığı və s kimi nəsnələrə cavab verən bir sənəddir.

Azərbaycan Konstitusiyası da Müstəqil Azərbaycan dövlətinin xasiyyətnaməsi, xarakteristikasıdır. 1991-ci ildə Müstəqillik Aktı qəbul ediləndə həmin Akt-da yeni Konstitusiya qəbul edilməli olduğu barədə müddəa da yer almışdı, lakin nə Mütəllibov rejimi, nə də AXC-Müsavat güruhu bunun real həyata vəsiqə alması ilə əlaqədar addım atmadılar. Yalnız ümummilli liderin hakimiyyətə qayıdışından və nisbi sabitlik təmin edildikdən sonra – 1995-ci ildə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Niyə ilk dəfə? Çünki 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti əsas Qanununu qəbul edilə bilməmişdi. Ondan sonrakı dövrün Konstitusiya quruluşunun tarixi isə əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. 

1995-ci ildə qəbul edilmiş bu Konstitusiyada məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın müstəqil, demokratik, hüquqi, unitar və sosial dövlət kimi təşəkkülünün hüquqi əsasları yer almış, həyata keçiriləcək islahatların  təməli  hazırlanmışdır. Konstitusiyanın  qəbulu təkcə ölkədə yeni hüquqi bazanın yaradılması demək deyildi. Bu, Azərbaycanda müstəqil dövlət quruculuğu tarixində keyfiyyətcə yeni səhifənin açılması idi. Müstəqilliyin ilk illərindən siyasi çəkişmələr, hakimiyyət böhranı, qiyam və çevriliş cəhdləri ilə silkələnən Azərbaycan üçün yeni Konstitusiyanın qəbulu həm də çoxdan gözlənilən daxili sabitliyin bərqərar olması demək idi.

Bu gün  kiçik istisnalarla demək olar ki, əksər ölkələrin Konstitusiyası var. Konstitusiyası olmayan dövlətlərdə  isə idarəetmə  ənənələrə və dini qaydalara əsaslanır. Ancaq  çox az ölkənin Əsas Qanunu Azərbaycan Konstitusiyası qədər  mükəmməl, əhatəli, zəngindir, çox az ölkənin insan hüquq və azadlıqları ilə dövlətin siyasi, hüquqi və iqtisadi öhdəliklərinin harmoniya təşkil etdiyi qanun toplusu var.

"Konstitusiya" latın sözü olub “quruluş”, “təsisat” mənası verir. Dövlətin ali hüquqi qüvvəyə malik olan əsas qanunlar məcəlləsi belə adlanır. Dünyada  ilk  Konstitusiya aktı  807 il  bundan öncə, (1215-ci ildə) İngiltərədə təsbit olunub və “Azadlıqlarının Böyük Toplusu” adlanıb. Ancaq bu yazılı qanun sayılmayıb. Bu ölkədə bu gün də Konstitusiya tipli ali qanun yoxdur. Ölkənin idarə olunması çoxəsrlik tarixi olan  ənənələrin və ayrı-ayrı qanunların əsasında həyata keçirilir.

İlk yazılı Ali Qanun isə ABŞ Konstitusiyasıdır və 235 il öncə -  (1787-ci ildə) qəbul edilmişdir.

Amerikalılar deyir; “Amerika dünyada yeganə ölkədir ki, Konstitusiyasında “hər bir vətəndaşın xoşbəxt olmaq hüququ vardır”  sözü yazılıb”. Azərbaycan Konstitusiyasının isə az qala hər maddəsində bu fikir ifadə olunub. Bu Konstitusiyada ümumbəşəri dəyərlər, xalqın tarixi keçmişi, hakimiyyətlərin bölgüsü prinsipi, dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqları, təhlükəsizliyi, rifahı, milli – mənəvi dəyərlərə münasibət, bir sözlə - azad və müstəqil Azərbaycanın  işıqlı gələcəyinə hesablanmış prinsiplər təsbit olunmuşdur. Təkcə bir faktı demək kifayətdir ki, Konstitusiyanın 158 maddəsindən 57-də  və 3 fəsildən  birində bütövlükdə insan hüquq və azadlıqları təsbit edilib ki, bu da gənc dövlətin demokratik və hüquqi cəmiyyət qurmaq məramında olduğunu təsdiq edir.

Lakin bu müddəaların Konstitusiyada təsbitlənməsi ilə iş bitmirdi, onları reallıqda təmin etmək lazım idi  və 1995-ci ildən  sonrakı dövrdə bu istiqamətdə geniş hüquqi islahatlar həyata keçirilib. 1998-ci ildən MDB məkanında və müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edilib, üçpilləli məhkəmə sistemi və Konstitusiya Məhkəməsi yaradılıb, mətbuat üzərində senzura  ləğv edilib. 1999-cu ildə ölkədə ilk bələdiyyə seçkiləri keçirilib, 2001-ci ildə Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilib və bir sıra beynəlxalq konvensiyalara qoşulub, 2002-ci ildə İnsan hüquqları üzrə müvəkkil - Ombudsman təsis edilib və s.

Müstəqil Azərbaycanın əldə etdiyi bu günkü nailiyyətlərin də, prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən islahatların da hüquqi başlanğıcında  məhz, Heydər Əliyevin həyat verdiyi Konstitusiya  dayanır .

Zaman keçdikcə Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf  yolunda  olan  bütün  dövlətlər  üçün  səciyyəvi  haldır. İlk Konstitusiyanın qəbul edilməsindən sonra ona edilmiş əlavə və dəyişikliklər də bu məqsədi daşıyır. Sözsüz ki, həyat və zaman dəyişdikcə gələcəkdə də dövlətin hüquqi sistemində, Konstitusiyasında təkmilləşmə və islahatlar zəruri olacaq. Amma əsas olanı odur ki, bu dəyişikliklər nəticə etibarilə ilə Azərbaycan dövlətinin güclənməsinə, ölkə vətəndaşlarının hüquqlarının, şəxsi rifahının daha möhkəm təminatına yol açsın.

İki il bundan öncəyədək Konstitusiyamızdan söhbət düşəndə, ifadə etdiyim ən böyük arzu, Konstitusiyamızın 11-ci maddəsində təsbit olunmuş «Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir» prinsipinin həyatda öz əksini tapması idi. Bu gün bu arzu artıq reallaşıb. Müzəffər Sərkərdəmizin və qəhrəman igidlərimizin sayəsində reallaşıb.