YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətin strateji fəaliyyət istiqamətlərini müəyyən edən sənəd

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Bu gün Azərbaycan tarixi Zəfərimizin reallıqlarını yaşayır. Tarixi günləri, bayramları Zəfər ab-havasında qeyd edir, dünənimizə və bugünümüzə baxış əsasında qarşıdakı dövrün hədəfləri açıqlanır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan  10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki gün sonra Konstitusiyamızın qəbul edilməsinin 25 illiyini qeyd etdik. Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün,  inkişafının fundamental əsası olan Konstitusiyamızın qəbulunun ildönümlərini də digər bayramlarımız kimi qalib xalq olaraq qeyd etməkdən qürur hissi keçiririk. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz təmin edildi. Ərazi bütövlüyümüzün  bərpa olunması milli  Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə geniş  imkanlar  yaratdı.  Bu tarixi Zəfər, eyni zamanda, soydaşlarımızın konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu. Konstitusiyamıza əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

Tarixi Zəfərimizin reallıqları fonunda  Konstitusiyamızın qəbulunun 27 ilini qeyd edərkən tarixə qısa nəzər salmağı zərurət bildik. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib.

Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən bəhs edərkən 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsinin hazırlanmasını xüsusi qeyd etməliyik.  1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Bununla da dövlətin, cəmiyyətin və demokratik dəyərlərin inkişafının hüquqi bazası yarandı. Azərbaycanın  Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Əvvəldə də qeyd etdiyimiz kimi, Konstitusiyamız dövlətin strateji fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir. Burada  dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunub. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olan Əsas Qanunumuz  daim qeyd etdiyimiz kimi, yenilışən, müasirləşən Azərbaycanın bütün reallıqlarını, dövrün tələblərini özündə əks etdirir ki, bu da zaman-zaman əlavə və dəyişikliklərə zərurəti gündəmə gətirir. 27 ildə 3 dəfə bununla bağlı ümumxalq səsverməsinin keçirilməsi də deyilənlərin təsdiqidir.  Hər bir əlavə və dəyişiklik bir çağırışdır. Onlara əməl edilməsi, icrası istiqamətində səy göstərilməsi bütün dövrlərdə qarşıda dayanan əsas vəzifələrdəndir. Harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını həmrəy edən azərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır. Bu tələbləri yerinə yetirərək qalib Azərbaycanın daha möhtəşəm uğurla imza atmasına dəstək olaq.