YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Nərimanov rayonunda YAP-ın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib

Noyabrın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin YAP Nərimanov rayon təşkilatının inzibati binasında ucaldılmış büstü ziyarət olunub, önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu bildirib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev qeyd edib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan, bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən biri Şahlar Əsgərov ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP-ın zəngin və şərəfli inkişaf yolu keçdiyini deyib. Qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs edib və partiyanın Ulu Öndərin fikirlərinə istinad edərək, dünənin, bu günün və gələcəyin partiyası olaraq fəaliyyət göstərdiyini söyləyib.

Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Vətən Müharibəsi Qəhrəmanı şəhid Azad Hümbətovun atası, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Vətən müharibəsi qazisinin övladı, ADA Universitetinin tələbəsi Ayan Mustafayeva çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsinin Yeni Azərbaycan Partiyasının uğurlu siyasi fəaliyyətinin əsas nəticəsi olduğunu bildiriblər.

Çıxışlardan sonra Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur, YAP İdarə Heyətinin üzvü, Xalq artisti Samir Cəfərov, Əməkdar artist Aqşin Abdullayevin təqdimatında ədəbi-bədii kompozisiya təqdim olunub.

Sonda partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərova qiymətli hədiyyə, bir qrup partiya üzvünə fəxri fərman, YAP sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.