YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hulusi Kılıç: Konkret maraqlar üzərində formalaşmış məlum birliklərin qarşısına Türk birliyi ilə çıxmaqdan başqa yolumuz yoxdur

Bu gün bizim konkret maraqlar üzərində formalaşmış məlum birliklərin qarşısına Türk birliyi ilə çıxmaqdan başqa yolumuz yoxdur. Türk Ağsaqqalları Birliyinin (TAİB) Özbəkistanda keçirdiyi konfrans, əlbəttə, ilk növbədə, Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbəyə həsr olunmuşdu. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə təşkil etdiyimiz konfrans bütün komponentlər üzrə yüksək səviyyədə keçirildi. Bununla paralel olaraq, konfransın Türk dünyasına və Türk Dövlətləri Təşkilatının liderlərinə müraciəti də oldu. Biz Türk dünyasında mənəvi ağırlığı ilə seçilən Özbəkistanın vətəndaş cəmiyyəti nümayəndələri ilə birgə Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə onu çatdırdıq ki, ölkə rəhbərlərimizin Türk dünyasının birliyi istiqamətində atdıqları addımları dəstəkləyirik və proseslərin daha da sürətlənməsi üçün ictimai müstəvidə fəaliyyətimizi daha da artırmağa hazırıq.

Bu fikirləri Türk Ağsaqqalları Birliyinin Türk dünyası üzrə həmsədri Hulusi Kılıç söyləyib.

TAİB-in həmsədri qeyd edib ki, Türk xalqları arasında əlaqələrin genişlənməsi, Türk Dövlətləri Təşkilatının sarsılmaz güc mərkəzinə çevrilməsi üçün ictimai təşkilatların da üzərinə böyük məsuliyyət düşür. “Elə bir mərhələyə qədəm qoymuşuq ki, fəaliyyət istiqamətlərindən, ixtisaslaşma profillərindən asılı olmayaraq, ictimai təşkilatlar malik olduqları imkanlardan və əlaqələrdən istifadə etməklə Türk birliyinin daha da möhkəmlənməsinə töhfə verməlidirlər. Bunu bizdən mövcud reallıqlar, geosiyasi amillər, qlobal siyasətdə müşahidə olunan qütbləşmə meyilləri tələb edir. Bu gün bizim konkret maraqlar üzərində formalaşmış məlum birliklərin qarşısına Türk birliyi ilə çıxmaqdan başqa yolumuz yoxdur. Bəli, biz böyük qürur hissi ilə deyə bilərik ki, bu gün həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və can Azərbaycanın çox hörmətli Prezidenti İlham Əliyev Türk dünyasının, Türk birliyinin möhkəm dayaqlar üzərində inkişafı üçün bütün lazımi addımları atırlar. Biz ictimaiyyət nümayəndələri olaraq digər Türk dövlətlərinin liderlərinin də qətiyyətli və prinsipial addımlar atmağa meylli olduqlarını görürük. Siyasi liderlərin hər biri əmin ola bilər ki, atdıqları addımlar geniş ictimai dəstək qazanacaq”, - deyə TAİB-in həmsədri vurğulayıb.

Hulusi Kılıç bildirib ki, Türk birliyinin hansısa ölkəyə və ya ölkələrə qarşı olacağına dair fikirlərin yaranmasına heç bir halda yol verilməməlidir. “Türk birliyi bütün hallarda iqtisadi inkişaf, mədəni sahədə inteqrasiya, gələcəyə möhkəm dayaqları olan körpü yaratmaq, xalqların rifahını təmin etmək, bütövlükdə dünyanın bəhrələnə biləcəyi yeni layihələr və tranzit xətlər reallaşdırmaq ideyalarına söykənir. Türk Dövlətləri Təşkilatı da xalqların soy, dil və tarixi-mədəni köklərindən güc alaraq yola çıxıb. Türk xalqları bütün dövrlərdə sülh tərəfdarı olublar, bu gün də belədir. Türk dövlətləri bütün ölkələrlə dostluq münasibətinin tərəfdarıdır. Əlbəttə, bizə qarşı düşmən mövqeyində dayanmaq istəyənlər olacaqsa, buna da münasibətimiz adekvat olacaq. Necə ki, Vətən müharibəsində bunun ən bariz nümunəsini yaratdıq”, - deyə H.Kılıç qeyd edib.

Diplomat baş verən proseslərdə Türkiyənin rolundan bəhs edərək, rəsmi Ankaranın, bilavasitə Prezident Rəcəb Tayyib Ərdoğanın və türk xalqının möhkəm iradəsinin hazırkı gedişatda böyük rol oynadığına diqqət çəkib. Deyib ki, bu gün Türkiyə qlobal siyasətə özünün təsir imkanları, texnologiya sahədə nail olduğu fantastik inkişaf göstəriciləri ilə seçilən bir dövlətdir. “Hamımız görürük ki, regionda hansı mürəkkəb oyunlar qurulur və Türkiyə bu oyunları necə məharətlə pozmağı bacarır. Şübhəsiz ki, Türkiyə Türk dünyasının hədəflərinə çatması üçün də öz prinsipial mövqeyindən geri çəkilməyəcək və gündən-günə artan potensialından istifadə etməklə Türk birliyinin arzulanan şəkildə formalaşması yönündə çalışmalarını davam etdirəcək. Əgər söhbət inkişafdan, xalqlar arasında əlaqələrin genişlənməsindən, daha təminatlı gələcəyin qurulmasından və bölgədə sülh mühitinin yaradılmasından gedirsə, Türkiyə və onun Prezidenti bu yoldan çəkilməyəcək”, – deyə o bildirib.

Hulusi Kılıç Özbəkistandakı müşahidələrindən də söz açıb. Özbəkistanın Azərbaycana münasibətinin onu məmnun etdiyini söyləyən səfir qeyd edib: “Gördüyüm o oldu ki, Özbəkistanın həm rəsmi şəxsləri, həm də özbək xalqı Azərbaycan üçün taleyüklü məsələlərə çox həssas yanaşır. Prezident İlham Əliyev barədə söylənilən yüksək fikirlər də göstərdi ki, Azərbaycanın bugünkü inkişafı, Türk birliyinin möhkəmlənməsi istiqamətində atdığı addımlar özbək qardaşlarımız tərəfindən diqqətlə izlənilir və dəstək qazanır. Sözsüz ki, iki qardaş xalqların münasibətində müşahidə olunan dərinləşmədə dövlət başçıları arasındakı səmimi dostluq münasibətlərinin rolu böyükdür”.

Türk Ağsaqqalları Birliyinin konkret fəaliyyət proqramına söykənən nadir platforma olduğunu deyən Hulusi Kılıç bildirib ki, TAİB bütün Türk dünyasını əhatə etməyə, Türk birliyinin güc mərkəzinə çevrilməsinin tarixi zərurət olması gerçəkliyinə ictimaiyyətin diqqətini yönəltməyə çalışır. “İnanırıq ki, fəaliyyətimiz daha ciddi nəticələrə gətirib çıxaracaq. İctimai birlik olaraq Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvə Görüşündən gözləntimizə gəldikdə, inanırıq ki, dövlət başçıları qarşıdakı mərhələdə aktual olacaq məsələlərin üzərinə işıq salacaq və bizim hər birimiz üçün fəaliyyətimizi yeni tələblərə uyğunlaşdırmaq və istiqamətləri daha aydın görmək imkanı yaranacaq”, - deyə diplomat qeyd edib.