YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfər müstəqil Azərbaycanın qüdrətinin təntənəsidir

Samir Vəliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Azərbaycan xalqı şanlı Zəfər Gününü böyük qürur hissi ilə qeyd edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı. 44 günün hər bir günü şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın. İki il öncə noyabrın 8-də tarixi şəhərimiz, mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin işğaldan azad olunması düşməni diz çökdürdü və noyabrın 9-dan 10-a keçən gecə Ermənistan kapitulyasiya aktını imzaladı.

Qazanılan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycanın Vətən müharibəsində yeni müharibə nümunəsi dünyada böyük əks-səda doğurdu. İkinci Qarabağ müharibəsi birmənalı şəkildə Azərbaycanın gücünü göstərdi. Azərbaycan XXI əsrin müharibəsini apardı.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini zəruri edən bir sıra amillər var idi. Belə ki, ölkəmizin dinamik inkişafı, iqtisadi müstəqilliyimizin təmin olunması, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində hüquqi baza rolunu oynadı. Xüsusilə, qələbənin əldə olunmasında xalqımızın Prezidentin siyasətini birmənalı olaraq dəstəkləməsi, ölkəmizdə milli birliyin mövcudluğu qələbəmizi şərtləndirən amillər sırasındadır. Həmçinin ötən dövr ərzində işğalçı Ermənistan bütün regional layihələrdən kənarda saxlanıldı. Bu, Azərbaycan dövlətinin və Prezidentinin prinsipial mövqeyinin nəticəsidir. Bununla da, iqtisadi cəhətdən çökən, dalana dirənən Ermənistan sosial-iqtisadi böhran məngənəsindən xilas ola bilmədi. Bu da 44 günlük müharibədə Azərbaycan Ordusu tərəfindən erməni ordusunu darmadağın edilməsi ilə nəticələndi. Öz havadarlarından pulsuz aldığı silahlar da Ermənistana kömək edə bilmədi. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyə Prezidentinin ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verməsi, onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, gücünü, birliyini nümayiş etdirdi. Bu həmrəylikdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar, vətəndaş cəmiyyəti təsisatları da mühüm rol oynadılar. 44 gün ərzində Azərbaycan bir addım da geri atmadı, Ermənistan bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi. Azərbaycan hərbçiləri mənəvi ruh, qəhrəmanlıq, şücaət nümayiş etdirdilər. Bütövlükdə isə Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. İşğal altında olmuş ərazilərdə hazırkı vəziyyət isə erməni vəhşiliyinin əyani təzahürüdür. İşğal altında olmuş ərazilərin mənzərəsi bunun tam əksini göstərdi. Bütün dünya bundan sonra da Ermənistanın hərbi cinayətləri ilə bağlı məlumatlandırılacaqlar. Eyni zamanda, Bakıdakı Hərbi Qənimətlər Parkı özündə işğalçı Ermənistan ordusunun sonunu ifadə edən bir tarix yaşadacaq.

Tarixi Zəfərimiz nəticəsində regionda yeni reallıqlar yaranıb. Regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatları eyni zamanda, ölkələrin inkişafında müsbət tendensiyaları yaradacaq. Bu amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir. Beləliklə, Azərbaycanın tarixində yeni səhifə başlanır. Azərbaycanın quruculuq missiyası başlanıb. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq azad olunmuş ərazilərə səfər edərək quruculuq-bərpa işləri ilə tanış olurlar. Yəni görülən işlər dövlət rəhbərliyinin birbaşa nəzarətindədir.