YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri möhkəm təməllərə söykənir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Bu gün 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan dövlətinin rəsmən hərbi kapitulyasiyasını və Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbəsini rəsmiləşdirən 10 Noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından 2 il ötür. Təxminən 30 illik işğalı bitirən Bəyanatla Ermənistan-Azərbaycan münaqişəsinin hərbi mərhələsinə son qoyuldu, əzəli və əbədi torpaqlarımız olan Ağdam, Laçın və Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Düşmən ordusunun hərbi texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu, ordu darmadağın edildi. 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi.

Bəyanatın imzalanması ilə əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlar Azərbaycanın hərbi yolla qazandığı qələbənin məntiqi nəticəsi idi. Döyüş meydanında qazanılmış qələbə siyasi müstəvidə də danışıqlar masası ətrafında qələbənin qazanılmasına baza yaratmış oldu. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu.

Regionda yaradılmış yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən edən üçtərəfli bəyanatda Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, sülhməramlı kontingentin say tərkibi, istifadə edəcəyi hərbi texnika və yerləşmə məntəqəsi dəqiqliklə göstərilmişdir. Bundan başqa 11 noyabr 2020-ci il tarixində imzalanmış memorandum əsasında atəşkəsə nəzarətlə bağlı mərkəzin yaradılması nəzərdə tutulmuş və 30 yanvar 2021-ci il tarixində işğaldan azad olunan Ağdam rayonunun ərazisində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olmuşdur. Bununla qardaş Türkiyənin rəsmi qaydada atəşkəsə nəzarət prosesində iştirakı təmin olunmuşdur.

Qədim qardaşlıq münasibətləri tarixinə malik olan Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaşlıq dəstəyi göstərmiş, hələ 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun sürən müharibə nəticəsində Bakını daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının xatirindədir. Təsadüfi deyil ki, Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdir. Yeri gəlmişkən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanla Türkiyənin bir millət iki dövlət olduğunu ifadə edən tarixi kəlamlarını yada salmaq yerinə düşər.

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir.

Azərbaycan öz haqlı davasında da tək qalmadı. Bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan edən Türkiyə Respublikasının Prezidenti açıqlamalarında Azərbaycanın yalnız olmadığını, Türkiyənin daim Azərbaycanın yanında olacağını bildirdi. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilərinin dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirmələri Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq tellərinin ən möhkəm təməllərə söykəndiyinə şahidlik edir.