YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Üçrəngli bayrağımız qürurumuz mənbəyimizdir

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Bu gün 44 günlük Vətən müharibəsindən, hər saatı, hər dəqiqəsi bir dastan olan haqq savaşından qalib çıxan Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir. Ölkəmizdə bayram - bayrama qarışıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasəti, ordumuzun qüdrəti, xalqımızın birliyi sayəsində 28 ildən sonra düşmən tapdağından azad olan Şuşaya bayrağımızın sancıldığı Zəfər Günü Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla qeyd edilən Dövlət Günü ilə bir vaxta təsadüf edib.

9 noyabrda Azərbaycan tarixinə əbədi həkk olunan 8 noyabrdan sonra xalqımız qürur və varlığımızın təcəssümü, əzəmətlə dalğalanan üçrəngli bayrağımızın qaldırıldığı günü qeyd edirik. Harada, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağı fəxr, fəxarət mənbəyidir.

Xalqımın, dövlətimin şərəf və ləyaqətinin ifadəsi olan üçrəngli bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Dövlət bayrağına böyük hörmət və ehtiramla yanaşan xalqımızın milli atributumuza sevgisi ildən-ilə daha da artır.

Xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirən üçrəngli bayrağımız ən mötəbər beynəlxalq təşkilatların binaları qarşısında ucalır. Beynəlxalq əhəmiyyətli yarışlarda qalib gələn idmançılarımızın şərəfinə bayrağımız qaldırılır, himniniz səslənir. Özünütəsdiq simvolu olan bayrağı qürur və güvənc yeri sayan xalqımız bundan böyük qürur duyur. Hər dəfə ucalan bayrağımıza baxanda gözlərimiz sevincdən yaşarır. Ölkə Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.

Xalqımız üçün bayraq sadəcə ölkəmizin rəsmi atributu yox, millətimizin qüruru, dövlətimizin gücü, Vətənimizin azadlıq rəmzidir. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək olan 44 günün hər birində igid döyüşçülərimiz qarış-qarış işğaldan azad etdikləri yurdlarımızda bayrağımızı qürurla dalğalandırdılar. İgid Vətən oğullarımız Müzəffər Ali Baş Komandana torpaqlarımızın azadlığını üçrəngli bayrağımızın möhtəşəm fonunda fəxrlə, qürurla məruzə etdilər. Vətən müharibəsinin o Zəfər Günündə Müzəffər Ali Baş Komandanın qələbə müjdələri xalqımızda başqa bir coşqu, ovqat, təntənə yaratdı, ölkəmiz başdan-başa bayraqlarımızla bəzəndi. Ürəyi Vətən sevdalı soydaşlarımız əllərində üçrəngli bayraqlarla sevinc, şadlıq coşqusu yaşadılar.

"Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik". Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 dekabr 2020-ci ildə Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında bəyan etdiyi bu sözlər hər birimizdə qürur, iftixar hissi yaratdı. 2016-cı ildə işğaldan azad edilən Lələtəpə yüksəkliyinə sancılaraq bütün işğal altında olan torpaqlarımızın da azad ediləcəyinin müjdəçisinə çevrilən bayrağımız Vətən savaşının 44-cü günündə Qarabağda əbədi dalğalandırıldı. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən işğalından addım-addım, qarış-qarış azad edilən, illərlə üçrəngli bayrağımıza həsrət qalmış doğma torpaqlarımız bu gün azaddır.

Ölkəmizin hər yerində dalğalanan üçrəngli bayrağımız qəhrəman, igid oğulların hünərlərini, xalqımızın Vətən, torpaq məhəbbətinin əbədiliyini, Zəfərimizi, igid ata-babalarımızın qəhrəmanlıq ənənələrini, mili birliyimizi təcəssüm etdirir.