YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan “Böyük Qayıdış” proqramını uğurla icra edir

Şəhla Abdullayeva 

YAP Ucar rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizdən sonra xarici ölkələrə hər səfəri, eyni zamanda iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin hər biri işğal və zəfər dövrünün reallıqlarının əsaslı şəkildə dünya ictimaiyyətinə çatdırılması ilə yadda qalır.

İki ildir şanlı Qələbəmizin yaratdığı reallıqları yaşayırıq. Bu reallıqlardan bir təbii ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləridir. Bu günlərdə  Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak edən dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizə gedən yoldan, Ermənistanın 30 illik işğal dövründə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamasından, dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən geniş bəhs edərək  bildirdi ki, iki il əvvəl Azərbaycan Ermənistan tərəfindən torpaqlarımızın iyirmi faizinin demək olar ki, otuz ilə yaxın davam edən işğalına son qoydu. Aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq, Ermənistan bunlara məhəl qoymadı və Azərbaycanın ərazisinin 20 faizini qanunsuz olaraq işğal altında saxlamağa davam etdi. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi.  Ermənistan 1992-ci ildə XX əsrin ən dəhşətli faciəsi olan, hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törətdi. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də bu sənədlər heç vaxt icra olunmayıb. Bu isə Azərbaycanı digər vacib məqamı gündəmə gətirməsinə əsas verir ki, o da BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi ilə bağlıdır. Təbii ki, qətnamələrin icrası ilə bağlı vahid mexanizm müəyyənləşdirilsə, bu halda onların icrasını düşünmək, eyni zamanda, bütün dövlətlərin münaqişəli məsələlərin həllində ədalət və beynəlxalq hüquq anlayışlarının mövcudluğunu nəzərə almaq imkanları olar. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma bizə gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır.

Dövlətimizin qətiyyəti sayəsində 30 illik işğala 44 gündə son qoyuldu. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək ərazilərini güc yolu ilə işğaldan azad etdi. Hər zaman qeyd etdiyimiz kimi, xalqımız, eyni zamanda, düşmən tapdağı altında qalaraq dağılan, yerlə-yeksan edilən torpaqlarımız heç zaman ümidlərini itirmədilər. Bu torpaqların tarixi sahibinə qovuşacağı qaçılmaz idi. Dövlətimizin uğurlu siyasəti, Qələbəyə hazırlanan Ordumuzun gücü, qüdrəti, diplomatik mübarizədə qələbəmiz bu əminliyimizə əsas verdi.

Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü sayəsində bu istəyinə nail oldu. Torpaqlarımıza əbədi qayıtdıq. İşğaldan azad edilmiş ərazilərimizin hər birinin timsalında erməni vəhşliklərinin şahidi oluruq. Bütün ərazilərimizi yerlə-yeksan edən ermənilər elə düşünürdü ki, bu dağıntılarla nəyəsə nail olacaqlar. Amma unudurdular ki, Azərbaycan xalqı tarixinə, torpaqlarına sahib çıxan xalqdır, bir qarış torpağını belə düşmənə verməz. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bunu bir daha təsdiqlədi.

Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında bir daha bu kimi məqamlara diqqət yönəldən cənab İlham Əliyev bildirdi ki, torpaqlarımız azaddır və biz bu torpaqlara qayıtmışıq. Hazırda şəhər və kəndlərimiz bərpa olunur, yenidən qurulur. “Böyük Qayıdış” proqramı icra edilir. Bütün bu işləri Azərbaycan öz daxili imkanları hesabına həyata keçirir. Cənab İlham Əliyev Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən həmrəylik gördüyümüzü xüsusi qeyd etdi. Bərpa-quruculuq işlərinə start verildiyi ilk gündən dövlət başçısı bütün dost ölkələrin bu prosesdə fəal iştirakına çağırış etdi.

Azərbaycan daim birlik, həmrəylik çağırışları ilə diqqətdədir. Hazırkı dövrdə bu birliyə böyük ehtiyac var. Ədalətin və beynəlxalq hüququn mövcudluğunu qəbul etməklə yanaşı, onların tətbiqi üçün vahid mexanizmin olması tələbi bu həmrəyliyi daha da aktuallaşdırır.