YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkili standartlar yolverilməzdir

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

“Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır.” Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına Fəxri qonaq statusunda dəvət olunan dövlət başçısı İlham Əliyev çıxışında bir daha ikili standartlara əsaslanan siyasətin yaratdığı problemlərdən bəhs etdi. 30 illik işğal dövrünün reallıqlarından bəhs edən ölkə Prezidenti  BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bəzi hallarda  bir neçə gün ərzində icra olunduğunu, amma bizə gəldikdə isə  otuz il ərzində kağız üzərində qaldığını diqqətə çatdırdı.

Cənab İlham Əliyev daim beynəlxalq təşkilatların tribunasından bu bəyanatı səsləndirir. Qətnamələrin icrası üçün vahid mexanizmin olmamasının yaratdığı problemlər göz önündədir. Ərəb Dövlətləri Liqasının tribunasından bəyan edildi ki, bu, ikili standartdır və yolverilməzdir. Ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir.

44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya dövlətlərinin 30 ildə edə bilmədiklərini etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan Ordusu yazdığı şanlı tarixlə Ermənistana və ona havadarlıq edən dövlətlərə sübut etdi ki, ədalət və beynəlxalq hüquq mövcuddur, bunların tətbiqi üçün vahid mexanizm olmalıdır. 30 illik işğala son qoyuldu və torpaqlarımız tarixi sahiblərinə qovuşdular. 30 il düşmən tapdağı altında qalan torpaqlarımıza qayıtdıqda hansı mənzərəni gördük?

Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqama da xüsusi diqqət yönəltdi ki, on min kvadratkilometrdən çox ərazinin tamamilə məhv edildiyini gördük. Bu ərazi bəzi ölkələrin ərazisinə bərabərdir. Şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta  əcdadlarımızın qəbirləri tamamilə dağıdılıb. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə dağıdılmışdır. Bu, terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür.

Hazırda bu torpaqlarımız bərpa edilir, yenidən qurulur. Dağıntılardan quruculuq mərhələsinə qədəm qoyan ərazilərimiz iki ildir sevincli günlərini yaşayırlar. Bu ərazilərimizə səfər edən hər kəs erməni vəhşiliklərindən, vandalizmindən dəhşətə gəlir. Məhz bu dağıntılara, eyni zamanda, ermənilərin torpaqlarımızda basırdıqları minaların təmizlənməsi üçün vaxt itkisinə söykənərək dövlət başçısı İlham Əliyev bildirir ki, bizim üçün yeganə rəqib zamandır. Həm dağıntıların miqyası ölçüyəgəlməzdir, həm də minaların təmizlənməsi xeyli vaxt tələb edir. İki ildə görülən işlər ölkəmizin malik olduğu iqtisadi və maliyyə imkanlarının  göstəricisi olmaqla yanaşı, Azərbaycan xalqının qurucu xalq olduğunu təsdiqləyir.

Çıxışında “Biz “Böyük Qayıdış” adlanan proqramın icrasına başlamışıq” söyləyən cənab İlham Əliyev bildirdi ki, biz bunu öz resurslarımız hesabına edirik: “Əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bu işdə yardım etmirlər. Biz özümüz bunu edirik. Bu gün Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı. Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı.”

Statistik rəqəmlərə müraciət etsək görərik ki, müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır. Azərbaycan Ermənistandan mina xəritələrinin verilməsini tələb etdikdə işğalçı dövlət gah belə bir xəritənin olmadığını bildirdi, gah da bu xəritələr verilsə də dəqiqliyi sual altında oldu.

Azərbaycan bütün işləri öz hesabına həyata keçirir. Hazırda dünyaya səs salan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində şəhərlərimiz, kəndlərimiz müasir tələblər səviyyəsində qurulur. Bu torpaqlarımızda bütün yeniliklər öz əksini tapır. Əsas məqsəd soydaşlarımızın yüksək şəraitinin təmin edilməsidir. “Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq” söyləyən  cənab İlham Əliyev  Azərbaycan  Prezidenti, Qoşulmama Hərəkatının Sədri olaraq bu əminliyi ifadə etdi ki, ölkəmiz   həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirmək üçün əlindən gələni edəcək.