YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib

Noyabr ayının 4-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib.

Tədbirdən öncə Pirallahı rayonunda Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan abidə Memorial Kompleks və Ulu Öndərin əziz xatirəsinə ucaldılmış büstü ziyarət olunub, əklil, gül dəstələri qoyularaq ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir, müstəqil Azərbaycan Respublikasının banisi, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov 30 il ərzində şərəfli yol qət edən Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafında xidmətlərindən danışaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyev Öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. Bu silinməz izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bizim qarşımızda  xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, ictimai-siyasi həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Natiq vurğuladı ki, Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Bu baxımdan YAP Pirallahı rayon təşkilatıda qarşıda duran məsul vəzifələrin həlli istiqamətində öz işini yeniləşən Azərbaycanın müasir tələbləri kontekstində qurmalı, ölkədəki islahatlar prosesinə hərtərəfli dəstək verməklə yanaşı, daxili pozitiv transformasiyalara da hər an hazır olmalıdır. 44 günlük Vətən müharibəsi bir daha təsdiq etdi ki, öz ideoloji prinsiplərini cəmiyyətimizin birliyi, bütövlüyü və həmrəyliyi üzərində quran Yeni Azərbaycan Partiyası Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında bu mühüm tarixi missiyanın öhdəsindən uğurla gəlmişdir.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov, Milli Məclisin deputatı Rauf Əliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev və başqaları vurğulayıblar ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-ın 30 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir.

Çıxışlardan sonra partiyanın yerli təşkilatının fəaliyyətində və rayonun ictimai-siyasi həyatında aktiv iştirakına görə bir qrup şəxsə Fəxri fərmanlar, habelə YAP-ın 30 illiyinə həsr olunmuş mini-futbol, şahmat turnirlərinin və inşa-yazı müsabiqəsinin qaliblərinə isə medallar, kuboklar, Fəxri diplomlar və qiymətli hədiyyələr təqdim olundu.

Tədbirə bədii hissə ilə yekun vurulub.