YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Budapeştdə keçirilən konfransda ermənilərin azərbaycanlılara və türklərə qarşı törətdikləri soyqırımından bəhs edilib

Budapeştdəki Yunus Əmrə Mədəniyyət İnstitutunda (UKİD) “Soyqırımı həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində “Soyqırımı–tarixin yaddaşından silinməyən qara ləkə” adlı elmi-praktiki konfrans keçirib. Azərbaycanın və Türkiyənin Macarıstandakı səfirliklərinin dəstəyi, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Dərnəyi və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən konfrans XX əsrin ilk iki onilliyində erməni millətçilərinin Anadoluda və Cənubi Qafqazda türklərə və azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərinə həsr edilib.

Konfransda UKİD-in rəhbəri Şəfik Kantar, Macarıstan parlamentinin üzvü, “Daha yaxşı Macarıstan uğrunda” Partiyasının sədri Vano Qabor, Azərbaycanın və Türkiyənin Macarıstandakı səfirləri Vilayət Quliyev və Şakir Fakılı çıxış ediblər. Onlar uzun illər boyu dünyanı mifik “erməni soyqırımı”na inandırmağa çalışan Ermənistanın həm əsrin əvvəllərində, həm də sonunda Anadolu və Azərbaycan türklərinə qarşı soyqırımı aktı həyata keçirdiklərini bildiriblər. Macarıstan parlamentində təmsil olunan ikinci böyük siyasi partiyanın lideri Vano Qabor vurğulayıb ki, bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində davam etməkdə olan erməni işğalı əslində kimin etnik təmizləmə siyasətini həyata keçirdiyini və soyqırımı törətdiyini açıq-aydın göstərir.

Türkiyə Böyük Millət Məclisinin üzvü, professor Seyid Sərtçəliyin, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarovun, İstanbuldakı Gəlişim Universitetinin dosenti, beynəlxalq əlaqələr üzrə mütəxəssis Raqib Qutay Qaracanın məruzələrində XIX əsrin sonlarından 1920-ci ilə qədər erməni silahlı dəstələrinin və Ermənistan Respublikasının Anadolu və Azərbaycan türklərinə qarşı xüsusi amansızlıqla həyata keçirdikləri soyqırımı siyasətinin müxtəlif aspektlərindən bəhs olunub.

Konfransda Macarıstan parlamentinin Türkiyə və Azərbaycan parlamentləri ilə dostluq qruplarının üzvləri, tarixçi alimlər, diplomatik korpusun təmsilçiləri, Macarıstandakı Türkiyə və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Konfrans çərçivəsində azərbaycanlı alim Vasif Qafarovun macar dilində çap olunan və ermənilərin XX yüzillikdə Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri xronoloji ardıcıllıqla əks etdirən “Tarixdən silinməyən qanlı ləkə – soyqırımı” kitabının təqdimatı da olub.