YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Soçi görüşü tarixi Zəfərimizin təsdiqi və qəbuludur

“Artıq iki ildir ki, Qarabağ münaqişəsi tarixə qovuşub. Keçirilən görüşlərdə, bəyanatlarda artıq postmünaqişə dövrünün reallıqlarından, Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasından və ona dəstəkdən bəhs edilir. 10 noyabr 2020-ci il tarixili üçtərəfli Bəyanatdan irəli gələn  öhdəlikləri Azərbaycan yüksək səviyyədə yerinə yetirərək qarşı tərəfdən də  bu cür  addımların atılmasını  tələb edir. Çünki hazırkı dövrün əsas çağırışı sülh müqaviləsinin imzalanması, həmçinin yeni əməkdaşlıq formatlarının yaradılması, kommunikasiyaların açılması və sair məsələlərdir.  Ermənistan sülh müqaviləsini imzalamaq məsələsində tərəddüdlər içərisində olsa da   sonda iki yoldan  birini seçməyə məcburdur. Ya sülh müqaviləsini imzalayıb regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması əsasında yeni əməkdaşlıq formatlarında iştirak etməklə özünün iqtisadi imkanlarını yaxşılaşdıracaq, ya da “Dəmir yumruq”, “Qisas” və “Qətiyyətli cavab” əməliyyatlarının davamlı olacağını düşünməli olacaq. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə xeyli sayda görüşlər keçirilib. 11 yanvar 2021-ci il tarixli Moskva, 26 noyabr 2021-ci il tarixli Soçi görüşlərinin, onun ardınca Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 4 dəfə Brüssel,  oktyabrın 6-da isə Praqa görüşlərinin hər biri  sülh müqaviləsinin imzalanmasına doğru atılan addımlardır. Hər bir görüş üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan mühüm addımdır. Avropa İttifaqının vasitəçilik missiyası Azərbaycan tərəfindən yüksək dəyərləndirilir. Ermənistan bu formatı  sözdə  qəbul etsə də  əməldə  daha çox 30 ildə onlara dəstək göstərib, ədaləti maraqlarının arxasında gizlədən bəzi dövlətlərin  vasitəçiliyinin  bərpasında maraqlı olduğunu təsdiqləyir.  Azərbaycan dövləti bununla bağlı mövqeyini daim bildirir ki, artıq həmin qurumun vasitəçiliyinə heç bir ehtiyac yoxdur. 30 illik işğal dövründə  məsələnin nizamlanmasında heç bir irəliləyişə nail olmayan bir qurumun münaqişə həll olunduqdan sonra nəyə vasitəçilik edəcəyi sual doğurur.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər  doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki,  keçirilən görüşlərin  yekunu olaraq imzalanan bəyanatların hər biri Azərbaycanın diplomatik uğuru  kimi dəyərləndirilir: “Çünki həmin sənədlərdə ölkəmizin  mövqeyi  dəstəklənir, milli maraqlarımız öndə saxlanılır.  Azərbaycanın  beynəlxalq hüququn  əsas 5 prinsiplərini özündə ehtiva edən  sülh təklifi əksər dünya gücləri tərəfindən dəstəklənir. Ermənistanın baş naziri Nikol Paşinyan  6 aprel 2022-ci il tarixdə keçirilən Brüssel görüşündə  5 prinsipi qəbul etməklə tərəflərin biri-birinin ərazi bütövlüyünü dəstəklədiklərini  təsdiqlədi.  31 avqustda  keçirilən görüşdə isə  sülh müqaviləsinin imzalanması ilə bağlı  iki ölkənin xarici işlər nazirlərinin görüşlərinin keçirilməsinin zəruriliyi  dəstəkləndi. Artıq  6 oktyabr  Praqa görüşünə  qədər xarici işlər nazirlərinin  görüşü  keçirilmişdir. Dövlət başçısı İlham Əliyev bu məsələyə münasibətində qeyd etmişdir ki, görüşlərin davamlı olması  vacibdir.  Praqa görüşündə diqqət çəkən məqam  Fransa Prezidenti Emmanuel Makronun tərəf kimi iştirakı idi. Praqa bəyanatında   əksini tapan müddəalarla bağlı razılığını ifadə edən Makron çox keçmədi ki,  erməni diasporunun nümayəndələri ilə  görüşündə  sərsəm bəyanatları ilə əsl simasını bir daha nümayiş etdirdi.  Fransa Prezidenti 30 illik işğal dövründə vasitəçiliyinin əsasında dayanan maraqlarını bir daha büruzə verdi. Belə olan halda erməni sevgisini açıq-aşkar nümayiş etdirən dövlətin Prezidentindən ədalətli yanaşma ortaya qoyacağını  gözləmək nə dərəcədə real  görünə bilər?”

YAP Xətai rayon təşkilatının sədri onu da bildirib ki, Rusiya  Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı imzalayan tərəflərdən biridir. Bu baxımdan  Rusiya sözügedən Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə Ermənistanı məcbur  etmək imkanındadır. Bu baxımdan 11 yanvar 2021-ci il tarixli Moskva və 26 noyabr 2021-ci il tarixli Soçi görüşlərinin davamı olaraq 31 oktyabr 2022-ci il tarixli növbəti Soçi görüşü sülh müqaviləsinin imzalanması prosesində öz sözünü deyəcək. Soçi Bəyanatında bildirilir ki, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq edirik. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşdıq. Güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəlindi.

“Soçi Bəyanatında bu müddəa da yer alıb ki, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan  ilə Ermənistan  arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlıq vacibdir.  Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılıq əldə olundu.  Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək” söyləyən Vüqar Rəhimzadə onu da əlavə edib ki, digər bəyanatlar kimi, Soçi Bəyanatında da Qarabağ ifadəsinə rast gəlinmir. Bu, bir daha onu təsdiqləyir ki, münaqişə artıq tarixə qovuşub və köhnə yanaşma ortaya qoyanların vasitəçiliyinə heç bir ehtiyac yoxdur: “Bəzi dünya gücləri öz maraqları naminə artıq tarixin arxivinə göndərilmiş qrupun vasitəçiliyini bərpa etməyə çalışsalar da bunun mümkünsüzlüyü göz qabağındadır. Ermənistan sülh müqaviləsinin  imzalanması üçün üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Artıq göründüyü kimi, dünya gücləri bu məsələnin həllində dəstəklərini ifadə edir, səylərini əsirgəməyəcəklərini bildirirlər. Noyabr ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə  Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin növbəti görüşü keçiriləcək. Ümumiyyətlə, Brüssel gündəliyi tərəflərin maraqlarına uyğundur. Digər tərəfdən, Rusiyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasında iştirak edən tərəf kimi üzərinə düşən məsuliyyəti nəzərə alsaq bu kontekstdə qısa müddətdə sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkündür. Hər halda Ermənistan Azərbaycanın 30 illik işğal dövrünün Azərbaycanı olmadığını unutmayıb. Yeni reallıqları diktə edən tərəf Azərbaycandır. 30 ildən sonra Ermənistana və əksər  dünya güclərinə ədalət və beynəlxalq hüquq deyilən anlayışların mövcudluğunu sübut edən də Azərbaycandır. Bu günün əsas tələbi beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyünün dəstəklənməsi fonunda Azərbaycanla Ermənistanın münasibətlərində yeni səhifənin açılması, sülh müqaviləsinin imzalanmasıdır.”

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, Azərbaycanın hər bir görüşdə qazandığı diplomatik qələbə tarixi Zəfərimizin beynəlxalq aləmdə  təsdiqi və qəbuludur.

DİGƏR Xəbərlər Arxiv