YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

İmişli rayonunda YAP-ın yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 2-də İmişli rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Şəhidlər xiyabanı ziyarət edilib və önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıb. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən edib: “Azərbaycanın qazandığı böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə sıx bağlıdır”. 

Yeni Azərbaycan Partiyasının zərurətdən yaranmış avanqard siyasi qüvvə olduğunu vurğulayan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev o dövrdə baş verən hadisələrdən, partiyanın yaranmasından və hazırda xalqın öz liderinə olan inamından bəhs edib. O, Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin  rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini vurğulayıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov çıxışında qeyd edib ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Yeni Azərbaycan Partiyasının yaranması, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz Qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi.

Tədbirdə ərazi partiya təşkilatı sədri Şəlalə Rəhimova, partiya fəalları Səfurə Muradova və Emin Ağadədəyev çıxış ediblər.

Sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə diplom və partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.