YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin doğum günündə xatirəsi anılıb

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Qasımzadə Tahir Sərdar oğlunun 21-ci doğum günü məzun olduğu 317 nömrəli tam orta məktəbdə qeyd edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİH başçısının müavinləri və şöbə müdirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhid Tahir Qasımzadənin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan nur üzlü şəhidimizə Allahdan rəhmət diləyib, təsəllimizin şəhidlərimizin qisasının alınması, Vətən müharibəsində qazanılan parlaq Qələbə sayəsində Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsi olduğunu vurğulayıb. Qeyd edib ki, gənc nəsil şəhidlərimizin qanı-canı bahasına qazanılan Qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daim qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidirlər.

317 nömrəli tam orta məktəbin direktor əvəzi Gülarə Mirzəyeva şəhidin keçdiyi ömür yolundan danışıb, Vətənin azadlığı uğrunda canını fəda edən igid oğullarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını deyib.

Şəhidin nənəsi Rəqiyyə xanım şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Sonra məktəbin şagirdləri tərəfindən şəhid Tahir Qasımzadənin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.

Tədbir iştirakçıları şəhidin ailəsini də ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Tahir Qasımzadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcər uğrunda” və “Şücaətə görə” medallarına layiq görülüb.