YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Tahir Budaqov: Qarşılıqlı səfərlər münasibətlərin inkişafına və ortaq hədəflərin reallaşdırılmasına vacib töhfədir

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdim etdiyi “Türkiyənin yüz ili” proqramı növbəti dövr üçün ölkə qarşısında duran qısa, orta və uzunmüddətli strateji hədəfləri özündə ehtiva edir. Bəyan edildiyi kimi, bu proqram siyasi, sosial-iqtisadi sahələrdə və digər istiqamətlərdə məqsəd və prioritetləri müəyyən edən strateji sənəddir və onun reallaşdırılması Türkiyənin yeni möhtəşəm uğurlar qazanaraq daha qüdrətli dövlətə çevrilməsinə səbəb olacaqdır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov kütləvi informasiya vasitələrinə müsahibəsində deyib.

“Heç şübhəsiz, son 20 ildə reallaşdırılmış möhtəşəm layihələr və qazanılmış tarixi nailiyyətlər məhz belə bir iddialı proqramın ortaya qoyulması üçün güclü zəmin yaradıb. Tərəqqinin əsaslarını möhkəmləndirmək və yeni hədəflərə doğru irəliləmək böyük Türkiyənin daha da güclənməsinə nail olmaq deməkdir. Cənab Rəcəb Tayyib Ərdoğanın “Böyük və güclü Türkiyəni birlikdə quraq” tezisi bu kontekstdə çox vacib və önəmli çağırışdır”, - deyə Tahir Budaqov bildirib.

Ədalət və İnkişaf Partiyasının milli maraqlara əsaslanan siyasəti sayəsində ümumxalq partiyasına çevrildiyini söyləyən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri vurğulayıb: “YAP kimi AK Parti də nadir siyasi qüvvələrdəndir ki, təsis olunduqdan cəmi bir il sonra hakimiyyətə gəlmişdir və ötən müddət ərzində Türkiyənin inkişafına, bənzərsiz uğurlar qazanmasına müstəsna töhfələr vermişdir. Qardaş Türkiyə istər regionda, istərsə də dünya miqyasında böyük bir dövlətə çevrilmişdir. Bu gün bölgədə heç bir məsələ Türkiyənin iradəsi və iştirakı olmadan həll edilə bilməz. Son zamanlar Türkiyənin regional miqyasda və beynəlxalq arenada göstərdiyi səylər sülhə və təhlükəsizliyə yönəlik addımlar kimi xüsusi əhəmiyyət daşıyır”.

“Azərbaycan hər zaman dost, qardaş və strateji müttəfiq olan, növbəti yüzillikdə yeni hədəflərinə əmin addımlarla irəliləyən Türkiyənin yanındadır. Türkiyə də öz növbəsində beynəlxalq müstəvidə Azərbaycana qətiyyətli dəstək göstərir. Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir” kəlamları dövlətlərimiz arasındakı münasibətlərin mahiyyətini əks etdirir. Bu gün Türkiyə-Azərbaycan münasibətləri ilk növbədə hər iki ölkənin liderləri - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın iradəsi və səyləri sayəsində uğurla inkişaf edir. Təbii ki, bu prosesdə iki qardaş ölkənin hakim partiyaları olan YAP ilə AK Parti də çox önəmli rol oynayırlar. Son iki il ərzində partiyalarımız arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ötən ilin iyun ayında imzaladığımız Əməkdaşlıq Protokuluna uyğun olaraq əhəmiyyətli addımlar atılıb, təmaslar daha intensiv xarakter alıb. Qısa zaman kəsiyində birlikdə önəmli layihələr icra etmişik, davamlı olaraq fikir və təcrübə mübadiləsi aparmışıq, o cümlədən mühüm tədbirlər keçirmişik. Bunların sırasında Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan tədbiri xüsusi qeyd etmək istəyirəm. Qarşılıqlı səfərlər isə yeni mərhələdə YAP-AK Parti münasibətlərinin inkişafına və ortaq hədəflərin reallaşdırılmasına vacib töhfədir” ,- deyə Tahir Budaqov vurğulayıb.

YAP Sədrinin müavini rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş Türkiyəyə səfərinin əhəmiyyətindən bəhs edərək deyib: “Qardaş ölkəyə səfərimiz Ədalət və İnkişaf Partiyasının dəvəti əsasında baş tutub. Qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası ölkə xaricindən “Türkiyənin yüz ili” proqramının təqdimatına dəvət edilmiş yeganə siyasi təşkilatdır. Bu, Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi olmaqla yanaşı, YAP-AK Parti əlaqələrinin yüksək səviyyəsinin ifadəsidir. Eyni zamanda, AK Parti Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş və AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala ilə görüşlərimiz partiyalar arasındakı əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi, qarşıda duran vəzifələrlə bağlı ətraflı fikir mübadiləsinin aparılması və bütövlükdə əməkdaşlığımızın inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir”.

“Prezident İlham Əliyevin söylədiyi kimi, Türkiyə-Azərbaycan münasibətləri bütün dünya ölkələri üçün örnəkdir və ikinci belə dövlətlər yoxdur ki, bütün sahələrdə sıx əməkdaşlıq etsinlər. Bu əməkdaşlıq 44 günlük Vətən müharibəsindən sonra tamamilə yeni bir səviyyəyə qalxmış, Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bir məqamı xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm: Azərbaycanın möhtəşəm Qələbəsindən sonra qısa zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə 5 dəfə səfər etmiş, Zəfər paradında və bir sıra nəhəng infrastruktur obyektlərinin açılışında iştirak etmişdir. Bu və digər önəmli faktlar iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin sarsılmazlığını əks etdirir. Xüsusilə də, qardaş ölkənin mənəvi-siyasi dəstəyi Azərbaycanın tarixi Qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi üçün böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev bu müddət ərzində Türkiyəyə 4 dəfə səfər edib. Dövlət başçımızın hər bir səfəri münasibətlərimizin inkişafına yeni impuls verir və qarşıda duran ortaq hədəflərə çatmağa geniş imkanlar yaradır. Dövlət başçılarının qardaşlıq münasibətlərini, Azərbaycan ilə Türkiyə arasında sarsılmaz strateji müttəfiqliyi əsas və örnək götürərək siyasi partiyalar olaraq əlaqələrimizi daha da gücləndirəcək, səmərəli, faydalı və məqsədyönlü birgə fəaliyyətimizi bundan sonra da uğurla davam etdirəcəyik” ,- deyə Tahir Budaqov vurğulayıb.