YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Şirvan şəhərində YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 28-də Şirvan şəhər Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildirib ki, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 30 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, əhəmiyyətli uğurlara imza atıb. Partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən edib.

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Yeni Azərbaycan Partiyasının zərurətdən yaranmış avanqard qüvvə olduğunu bildirib. O dövrdə baş verən hadisələrdən, partiyanın yaranmasından və hazırda xalqın öz liderinə olan inamından bəhs edib. O, Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini söyləyib.

YAP Veteranlar Şurasının sədr müavini, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını qeyd edən S.Qəhrəmanova bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını vurğulayıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin siyasi kursunu müasir dövrümüzün tələbləri əsasında davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin Azərbaycana Zəfər bəxş etmiş Müzəffər Ali Baş Komandan olduğunu bildirib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası ötən 30 ildə uğurla inkişaf edib, Azərbaycana möhtəşəm nailiyyətlər qazandırıb.

Tədbirdə 18 nömrəli məktəb liseyin direktoru İsmayıl Yusubov, şəhid atası Alim Zülfüqarov, Vətən müharibəsi iştirakçısı Elvin Balayev, Gənclər evinin əməkdaşı Aytac Əliyeva çıxış ediblər.

Tədbirin sonunda Şirvan şəhərinin ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.