YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Hacıqabulda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü qeyd olunub

Oktyabrın 27-də Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatı partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirib.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini və rayon Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətinin, beynəlxalq nüfuzunun daha da artacağına əminlik ifadə olunub.

Milli Məclisin deputatı Malik Həsənov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP zəngin və şərəfli inkişaf yolu keçib. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxışında bildirib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, partiyanın ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməsindən, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfələrini verməsindən, qazanılan parlaq Qələbədən ətraflı bəhs edib.

Partiya veteranı Şükür Məmmədov, ərazi partiya təşkilat sədri Zərəngiz Abasova və partiya fəalı Xalid Rəcəbli çıxışlarında Yeni Azərbaycan Partiyasının təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğrultduğunu bildiriblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.