YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin inkişafı və yeni prioritetlər üzrə möhkəmləndirilməsi xüsusi yer tutur. Bu hədəfə yüksək səviyyədə nail olunmasında isə qarşılıqlı səfərlər, imzalanan sənədlər əhəmiyyətli rola malikdir.  Dövlət başçısı İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı müzakirə olunan məsələlər, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün bütün sahələrdə imkanların mövcudluğu barədə səsləndirilən fikirlər də deyilənlərin təsdiqidir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin və strateji tərəfdaşlığın, o cümlədən əməkdaşlığımızın gündəliyinin səfərin əhəmiyyəti barədə aydın təsəvvür yaratdığını bildirdi: “Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasında Sizin töhfəniz çox böyükdür. Bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Mən əminəm ki, mövcud əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq.”

Təbii ki, bu əminlik ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən əlaqələrdə özünün aydın ifadəsini tapır. İkitərəfli əməkdaşlığın gündəliyində enerji və nəqliyyat sahəsi əsas yer tutur. Azərbaycan, Gürcüstan və Türkiyənin siyasi iradəsi əsasında reallığa çevrilən enerji və nəqliyyat layihələri regional əməkdaşlığın inkişafında bu üç dövlətin roluna işıq salır. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz, əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin reallığa çevrilməsi regional əməkdaşlığın inkişafına böyük töhfədir. Artıq əlaqələrin regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması göz qabağındadır. Belə ki, 2014-cü ildə təməli qoyulan və 2018-ci ildə rəsmi açılışı olan  Cənub Qaz Dəhlizi, onun əsas seqmentlərindən olan TANAP və TAP-ın istifadəyə verilməsi ilə dünyanın enerji xəritəsi yenidən tərtib edildi. 

Səfər zamanı  mətbuata bəyanatlar əməkdaşlıqda keçilən yolun təhlili fonunda müəyyənləşdirilən hədəflərin açıqlanmasında yardımçıdır. Cənab İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin mətbuata bəyanatında da  bu məqamlara aydınlıq gətirildi. “İqtisadiyyat, enerji, nəqliyyat məsələlərini nəzərdən keçirdik” söyləyən İrakli Qaribaşvili bildirdi ki,  Gürcüstan Azərbaycan üçün önəmli ölkədir. Eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Reallaşdırdığımız mühüm layihələr nəzərdən keçirildi. Bunlar tarixi layihələrdir - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz. Bu əminlik ifadə edildi ki, həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik.

Səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. İllər keçdikcə əlaqələrin inkişafında yeni istiqamətlərin müəyyənləşdirilməsi ilə gələcək barədə aydın mənzərə yaranır.  İki ölkə arasında  strateji tərəfdaşlıq münasibətlərinin  müttəfiqlik səviyyəsinə yüksəlməsi də deyilənlərin təsdiqidir.

Artıq tarixi Zəfərimizin regionda və dünyada yaratdığı yeni reallıqları yaşayırıq. Hazırkı dövrün əsas müzakirə  mövzusu regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Dövlət başçısı İlham Əliyevin Gürcüstana işgüzar səfəri zamanı keçirdiyi görüşlərdə, mətbuata bəyanatlarında da bu məsələyə xüsusi diqqət yönəldildi. Müzakirələrdə bu reallıq diqqətə çatdırıldı ki,  dünyada baş verən hadisələr yalnız sülh və sabitlik yolu ilə həll olunmalıdır. Bu, həm bizim regionumuz, həm də xalqlarımız üçün vacibdir.

Mətbuata bəyanatında səfər çərçivəsində keçirilən görüşdə Azərbaycan və Ermənistan arasında olan təmasların, iki ölkə arasında sülh prosesinin nəzərdən keçirildiyini bildirən Gürcüstanın Baş naziri vurğuladı ki, şəxsən özü və hökumət  sülh siyasətini həyata keçirmək üçün əlindən gələni edəcək. Regiondakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil. Bu əlaqələr daha da gücləndirilməlidir. Dövlət başçısı İlham Əliyev ümidvar olduğunu bildirdi ki,  Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan  əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaq.

Göründüyü kimi, Azərbaycan-Gürcüstan arasında ikitərəfli əməkdaşlığın gündəliyi zəngindir. Bütün bu uğurların təməlində xalqlarımızın, liderlərin dostluğu və birgə fəaliyyət dayanır.