YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Qaradağ rayonunda YAP-ın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdən öncə Qaradağ rayonunda Heydər Əliyev Mərkəzinin binası önündə Ulu Öndərin abidəsi ziyarət olunub və gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.

Sonra Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunmuş kitab və rəsm sərgisinə baxış keçirilib.

Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli yol haqqında danışıb. O, partiyanın tarixi zərurətdən yaranaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs edib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov partiyanın yaranmasını ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən biri kimi qiymətləndirib. Bu siyasətin layiqli davamçısı olan Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun daha da artacağını qeyd edib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 30 il müddətində zəngin və şərəfli bir inkişaf yolu keçdiyini qeyd edib. O, YAP-ın yarandığı gündən Azərbaycanın güclü və mütəşəkkil siyasi qüvvəsi olaraq xalqımızın milli maraqlarının ifadəçisi olduğunu bildirib.

Milli Məclisin deputatı Aydın Hüseynov YAP-ın təsis edildiyi dövrdə xalqımızın fəal və mübariz nümayəndələrinin qorxmadan bu partiyanın sıralarına qoşulduğunu qeyd edib.

Milli Məclisin üzvü Səbinə Xasayeva YAP-ın yaranmasını xalqımızın mütəşəkkilliyinin və siyasi təfəkkürünün yüksək göstəricisi olduğunu qeyd edib. O, bu gün YAP-ın sıralarında ölkəmizin qabaqcıl gənclərinin toplandığını və yetkin bir siyasi qüvvə olduğunu bildirib.

“91-lərin” ən gənc üzvlərindən biri olmuş, hazırda Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov 1992-ci ilin ağır günlərində bir qrup ziyalının Naxçıvan şəhərinə getməsindən və orada Heydər Əliyevlə görüşərək partiyanın yaranması ilə bağlı aparılan məsləhətləşmələr barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rəfael Gülməmmədov, Vətən Müharibəsinin şəhidi İsmayılzadə Səməndərin anası Fəridə İsmayılova, Vətən müharibəsi şəhidi Kəlbiyev Şaiqin atası Namik Kəlbiyev, Vətən müharibəsinin iştirakçısı, qazi Elxan Məmmədov, 180 saylı məktəbin direktoru Atakişi Cəfərov, Qaradağ rayon Lökbatan qəsəbəsi 288 saylı orta məktəbin direktoru Taleh Quliyev və İş adamı Əbülfət Qoçayev  çıxış ediblər.

Sonra partiyanın yaranması, təşkilatlanması və Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs fəxri fərmanla təltif edilib və partiya sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.