YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Ağcabədidə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə partiyanın Ağcabədi rayon təşkilatı tərəfindən tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini, sonra isə Qəhrəmanlar parkında şəhidlərin məzarlarını ziyarət ediblər.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov “Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır” mövzusunda məruzə edib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası hazırda  Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlar qazanır.

Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib: “YAP dünənin, bu günün, sabahın partiyası kimi davamlı nailiyyətlərə imza atmaqdadır.”

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini uca  tutmuş, buna görə də xalqın rəğbətini qazanaraq ümumxalq partiyasına çevrilmişdir: “Azərbaycan xalqı bu gün ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Respublikasını inkişaf etdirmək, yeni-yeni uğurlar qazanmaq istiqamətində partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verməkdədir”.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin komitə sədri Tahir Rzayev çıxış edərək qeyd edib ki,  Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün onun ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası 30 il ərzində siyasi mübarizələrdə mətinləşmiş, aparıcı siyasi qüvvə kimi ölkəmizin ictimai-siyasi həyatında yüksək mövqe qazanmışdır.

Tədbirdə YAP veteranı Teymur Rəhimov, şəhid atası Sabir Sultanov, Vətən müharibəsi qazisi Cavid Allahverdiyev, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova çıxış ediblər.

Tədbirin sonunda bir qrup Vətən müharibəsi veteranına medallar, YAP sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya fəallarına fəxri fərmanlar  təqdim edilib.