YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubadlının azad edilməsi Böyük Zəfəri yaxınlaşdırdı

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycanın qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, mineral maddələrlə zəngin su mənbələri, qeyri-adi flora və faunası ilə seçilən guşələrindən olan Qubadlı rayonu həmişə ermənilərin göz dikdiyi ərazilərimizdən olub.

Ötən əsrin əvvəlləridə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır. Erməni hücumları nəticəsində bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulmuşdur. Bununla belə, bütün çətinliklərə və əzab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulub.

Ermənistanla sərhəddə yerləşən, digər tərəfdən də Qarabağda yaşayan ermənilərlə  qonşu olan Qubadlı rayonu, 1988-ci ildən başlayaraq hər iki tərəfdən təcavüzkar hücumlara məruz qalmış, dinc əhaliyə qarşı terror törədilməsi davamlı xarakter almışdır. 1993-cü ilin avqust ayının sonunadək davam edən müharibə zamanı Qubadlı rayon sakinləri hərbi qüvvələrimizlə çiyin-çiyinə Ermənistan silahlılarına qarşı qəhrəmanlıqla mübarizə aparıblar.

Laçın, Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki mühasirəyə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 31-də erməni təcavüzkar qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində işğala məruz qaldı. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini doğma yurd-yuvalarından didərgin düşdü.

Respublikanın müxtəlif bölgələrində məskunlaşmış Qubadlı sakinləri bütün çətinliklərə sinə gəlib torpaqlarımızın azad olunacağı günü səbrsizliklə gözlədilər. Nəhayət həmin gün gəlib çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, xalq-hakimiyyət-ordu birliyi nəticəsində Qubadlı rayonu işğaldan azad olundu.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları nəticəsində elə ilk günlərdən Ermənistan ordusu silahlarını atıb çəkilməyə məcbur oldular. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 27-ci günü Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başladı. Həmin gün Qubadlı rayonunun bir neçə yaşayış məntəqəsi işğaldan azad edildi. Oktyabrın 25-də Azərbaycan Ordusu  Qubadlı şəhərini və rayonun daha bir neçə kəndini  işğaldan azad etdi.

Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirdi. Qubadlının azad edilməsi ilə Azərbaycan Ordusunun Laçın istiqamətində yolu açıldı, ordumuzin növbəti Zəfərləri üçün əlverişli şərait yarandı.