YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Zərdabda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib

Oktyabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) Zərdab rayon təşkilatı tərəfindən rayon Heydər Əliyev Mərkəzində partiyanın təsis edilməsinin 30 illiyi münasibəti ilə tədbir keçirilib.

Öncə Zərdab şəhər şəhidlərin xatirə parkı və Heydər Əliyev parkında Ümummilli Liderimizin abidəsi ziyarət olunub. Şəhidlərimizin və ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra Yeni Azərbaycan Partiyasının şərəfli tarixini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının sədri İlkin Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası 30 il öncə xalqımızın çətin sınaqlar və mürəkkəb problemlərlə üz-üzə qaldığı bir dövrdə yaranıb. Yeni Azərbaycan Partiyası xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvəyə çevrilib. İlkin Əliyev YAP Zərdab rayon təşkilatında 54 ərazi partiya təşkilatının işinin Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə, yerli təşkilatları haqqında əsasnamənin tələblərinə və Mərkəzi Aparatının tövsiyə və tapşırıqlarına uyğun olaraq qurulduğunu diqqətə çatdırıb.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxışında qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, qəbul etdiyi dövlət proqramları, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrinin inkişafı ilə nəticələnmiş, Azərbaycan nəinki regionda, beynəlxalq səviyyədə qəbul edilən nüfuzlu, qüdrətli dövlətə çevrilmişdir.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib ki, müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılması təşkil edir. Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik şərəfli yolda ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir. Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyası, gəncliyin güvənc yeridir: “Yeni Azərbaycan Partiyası Ulu Öndərimizin düşüncə və siyasi ideologiyasının əbədi məktəbi, yeniləşən və inkişaf edən qüdrətli Azərbaycan isə bu məktəbin yaratdığı  xoşbəxt taleli məmləkətdir”. 

Milli Məclisin deputatı Jalə Əliyevaya çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Ulu Öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçib, bir çox uğurlara imza atıb. 

Tədbirdə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının veteranı, təşkilatın 49 saylı ərazi partiya təşkilatının sədri Qafur Məmmədov, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının 12 saylı ərazi partiya təşkilatının sədr müavini Rüxsarə Eminova və Vətən müharibəsi iştirakçısı, gənc müəllim Hikmət Novruzov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildiriblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.