YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə-Azərbaycan birliyi sülh, sabitlik amilidir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ölkəmizin tarixində çox əlamətdar hadisə olan Zəngilan Beynəlxalq Hava Limanının açılışı məhz rayonun işğaldan azad olunmasının ikinci ilinin tamamında baş tutdu. Vətən müharibəsinin ilk saatlarından Azərbaycanın yanında olduğunu bəyan edən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın hava limanının açılışında iştirak etməsi ölkələrimizin birliyinin və qardaşlığının təntənəsdir.

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimindən sonra Cəbrayıl şəhərində dövlət başçılarının mətbuata verdikləri  birgə  bəyanat zamanı Prezident İlham Əliyev bildirdi ki, Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Ölkəmizin inamlı qələbəsinə diqqət çəkən Prezident İlham Əliyev iki il öncə Zəngilan azad olunduqdan bir neçə gün sonra Qubadlının erməni işğalından azad edildiyini və Azərbaycan Ordusunun bir qruplaşmasının Laçın, digər qruplaşmasının isə Şuşaya istiqamətləndiyini xatırlatdı. Noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edilmiş, Azərbaycan Bayrağı qaldırılmış və ondan sonra Ermənistan təslim olmuşdu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu şanlı tarixi Azərbaycan və Türkiyənin  müştərək tarixi olduğunu qeyd etdi. Qardaş Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstəyi savaşın son gününə qədər davam etdi. Türkiyə-Azərbaycan birliyi bu gün isə bərpa edilən Qarabağ və Zəngəzurda yenə də görünür. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Ölkə başçısı İlham Əliyev bildirdi ki, inşaat və yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Qısa müddət ərzində Türkiyə şirkətləri tərəfindən böyük işlər görülüb. Avtomobil və dəmir yolları çəkilir, ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel, habelə ümumi uzunluğu 12 kilometr olan 84 körpü tikiləcək. Bu işlərin bir qisminin artıq  inşa edildiyini bildirən Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlərin görüləcəyini bildirdi. Bölgənin ilk özəl sərmayəsi olan “Dost Aqropark”ı  da xüsuisilə qeyd olundu.

Mətbuata bəyanatında ölkə başçısı erməni vandalizminin miqyası haqqında danışarkən vurğuladı ki, işğal dövründə ermənilər bütün şəhərlərimizi, kəndlərimizi yerlə bir etmişlər. Yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. Lakin ermənilərin düşündüyü kimi olmadı, artıq ərazilərimiz işğaldan azad olunub və bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Keçmiş qaçqınların qayıdışı üçün dövlətimiz hər nə lazımdırsa edir, gecə-gündüz davamlı olaraq həyata keçirilən bərpa-quruculuq işlərində türk şirkətləri də yaxından iştirak edirlər.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıla səfərini, hava limanının açılışında iştirakını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsi adlandırdı. Azərbaycanın qardaş Türkiyə kimi qüdrətli dostunun  olması ölkəmiz üçün böyük xoşbəxtlikdir. Bu birlik İkinci Qarabağ savaşı zamanı bəzi qüvvələrin müdaxiləsinin qabağını aldı və savaşdan sonrakı dövr Türkiyə-Azərbaycan birliyini daha da gücləndirdi. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxdı. Şuşa Bəyannaməsinin imzalanması bunu sübut edən ən əsas amildir. Məhz Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycanı rəsmən müttəfiq oldular. Bütün sahələrdə müttəfiq olan Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.

Prezident İlham Əliyev qardaş Türkiyənin son illər böyük uğurlu yol keçərək dünya çapında güc mərkəzinə çevrildiyinə diqqət çəkdi. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. İnamla irəliləyən, nəhəng layihələr gerçəkləşdirən Türkiyə isə  bölgədə söz sahibi, dünyada önəmli güc mərkəzidir.