YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərər ödənilməlidir

Bəhreynin “The Daily Tribune. News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Edillidə aşkarlanan kütləvi məzarlıq Ermənistanın müharibə cinayətlərinin daha bir sübutudur” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində tapılan məzarlığın ermənilərin cinayətlərini göstərən ilk kütləvi məzarlıq olmadığı, burada cəsəd qalıqları aşkarlanmış işgəncə ilə qətlə yetirilən 12 azərbaycanlı hərbçi ilə qurbanların sayının 25-ə çatdığı qeyd edilib.

Məqalədə diqqətə çatdırılıb ki, Ermənistan 1949-cu il tarixli Cenevrə Konvensiyasının müddəalarını pozaraq ağır müharibə cinayəti törədib, əsir düşmüş hərbçilər vəhşicəsinə qətlə yetirilib. İşğalçı ölkənin silahlı bölmələri, eyni zamanda, mülki şəxsləri də qətlə yetirib, 1992-ci il fevralın 26-da bəşər tarixinin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımını törədib. Rəsmi məlumatlara görə, Birinci Qarabağ müharibəsində 3890 azərbaycanlı mülki şəxs, o cümlədən 71 uşaq, 267 qadın və 326 ahıl şəxs itkin düşüb. Azərbaycanın bu insanların taleyi barədə məlumat verilməsi tələbi Ermənistan tərəfindən yerinə yetirilmir.

Müəllif Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini minalaması, İkinci Qarabağ müharibəsi zamanı Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər şəhərlərini raket atəşinə tutması nəticəsində mülki şəxslərin həlak olması barədə məlumat verib. Bildirilib ki, bu günədək minaların partlaması nəticəsində 260-dan çox insan həlak olub və ya ciddi xəsarət alıb. Bütün bu faktlar onu göstərir ki, Ermənistan müharibə cinayətlərini davam etdirir.

Sonda qeyd olunub ki, beynəlxalq ictimaiyyət Ermənistanın bu cinayətlərinə hüquqi qiymət verməli, işğalçı ölkə viran qoyduğu Azərbaycan yaşayış məntəqələrinə vurduğu zərəri ödəməlidir.