YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib

Oktyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib.

Tədbirdən öncə Binəqədi rayonunda Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleks və ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi ziyarət olunub, gül dəstələri qoyularaq əziz xatirələri ehtiramla yad edilib.

Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırdı. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu söylədi. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.

Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.

Vətən müharibəsi qazisi Ruslan Şıxıyev çıxışında bildirdi ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və uğurlu siyasi fəaliyyətin nəticəsini -  tarixi Qələbəni təntənə ilə qeyd edirik. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub.

YAP İdarə Heyətinin üzvü Elmar Qasımov bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz Qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Bu gün əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz regionda güc amilinə, dünya birliyində söz sahibinə çevrilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirdi ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

Sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərmanla təltif edildi. Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edildi.