YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzuli rayonun yeni inkişaf dövrü başlayıb

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

İki il bundan öncə şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib, burada Azərbaycan bayrağı qaldırılıb. Bundan sonra uzun illər ərzində 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, ordumuzun uğurlu əməliyyatları məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi.

Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Həmin dövrdə Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi olan Füzuli işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparıldı. Düşmən 30 ilə yaxın müddət ərzində formalaşdrdığı istehkamlar hesabına məhz Füzuli şəhəri və ətrafında çox güclü müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, şəhərin strateji mövqeyi ilə bağlıdır. Füzuli Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar əldə edildi. Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra Laçın dəhlizi və beləliklə, müharibənin taleyi həll olundu.

Yuxarıda qeyd etdiyimiz kimi, Füzuli şəhərinin işğaldan azad olunmasından iki il vaxt keçib. Tarix üçün böyük olmayan bu müddətdə Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları Füzuliyə 9 dəfə səfər edib. Bu səfərlərin hər biri öz əlamətdarlığı ilə seçilib. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev cənabları Füzuli şəhərində Azərbaycan bayrağını ucaldıb, Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimində iştirak edib. 14 yanvar 2021-ci il tarixində ikinci səfərdə isə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlləri qoyulub.

Fevral və mart aylarında baş tutan səfərlədrə isə Füzuli şəhərlərinin Baş planın təsdiqlənib, Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanışlıq, 180 çarpayılıq xəstəxananın və Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi keçirilib.

2021-ci ilin avqustunda Füzuli şəhərinə gələn Prezident Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə və Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub.

Ötən ilin avqust ayında gerçəkləşən səfərdə Prezident Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və bir sıra təməlqoyma mərasimlərində iştirak edib.

26.10.2021-ci ildə isə cəmi 8 aya inşa işləri tamamlanmış “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının Azərbaycan və Türkiyə Respublikalarının Prezidentlərinin iştirakı ilə açılış mərasimi reallaşdırılmışdır.

Prezident cari ilin aprel ayında Füzuyə səfəri zamanı burada Peşə Liseyinin təməlqoyma mərasimində iştirak edib, 27 sentyabr səfəri zamanı isə Qaraxanbəyli kəndində xatirə lövhəsini ziyarət edib.

Göründüyü kimi ötən iki il müddətində baş tutan səfərlərdə keçirilmiş təməlqoyma və açılış mərasimləri çox yaxın gələcəkdə bu şəhərdə də əhali məskunlaşacaq, ölkənin iqtisadi inkişafına öz töhfələrini verəcəklər.