YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Böyük Qayıdışdan sonra Füzulini yeni həyat gözləyir

“27 Sentyabr -Anım Günündən, yəni 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı  tarixdən etibarən 44 günün hər anı Azərbaycan tarixinə 30 il işğal altında olan şəhərlərimizin,  qəsəbələrimizin, kəndlərimizin və strateji yüksəkliklərimizin azad edilməsi tarixi kimi yazıldı. Bu tarixləri qeyd edərkən Azərbaycan Ordusunun  qəhrəmanlığından, şücaətindən bəhs etməmək mümkün deyil. Rəşadətli ordumuz 44 gündə elə bir tarix yazdı ki,  xalqımız 30 il bu sevinci yaşayacağı anı səbirsizliklə gözləyirdi. Heç zaman ümidini itirməyən xalq  dövlət başçısı İlham Əliyevin hər bir vədinin konkret əməli işdə təsdiqini tapmasını görür və bu fonda  torpaqlarımızın da tarixi sahibinə qovuşacaqları günün uzaqda olmadığına tam əminlik nümayiş etdirirdilər.  Müzəffər Ali Baş Komandan İlham Əliyev qaçqın və məcburi köçkünlərlə hər görüşündə daim bu fikri onlara çatdırırdı ki, sizin üçün yaradılan şərait müvəqqəti xarakter daşıyır. Tezliklə işğaldan azad edilmiş torpaqlarımız azadlığına  qovuşacaq, soydaşlarımızın pozulmuş hüquqları bərpa ediləcək və siz hamılıqla öz doğma yurd-yuvalarınıza qayıdacaqsınız.  Hazırda bu fikir də bir reallıq kimi  qeyd edilir ki, dövlət başçısı İlham Əliyevin  prezidentliyinin 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə  hazırlıq dövrü kimi xarakterizə olundu.  Biz Qarabağa və Şərqi  Zəngəzura qayıtdıq. Bu qayıdış böyük səylərin, qətiyyətin, real  faktlara, tarixi həqiqətlərə əsaslanan siyasətin,  müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun güclənməsinin nəticəsidir.  Ən yüksək tribunalardan səslənən  “Sülh danışıqları səmərə verməyəcəyi təqdirdə  hərb variantına üstünlük veriləcək” bəyanatı da ordumuzun gücünə əsaslanırdı.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

1993-cü il avqustun 23-də erməni hərbi birləşmələrinin  Füzuli şəhərini, Horadiz qəsəbəsini və rayonun 82 kəndini işğal etdiyini, soydaşlarımızın öz doğma yurd-yuvalarından didərgin salındıqlarını  vurğulayan  YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  ordu quruculuğu sahəsində atılan addımlar öz real nəticəsini verdi: “1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi - Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi.”

Vüqar Rəhimzadə qeyd edib ki,  Müzəffər Ali Baş Komandan  İlham Əliyev 17 oktyabr 2020-ci il tarixində  bu xoş xəbəri özünün “Twitter” səhifəsindən xalqımıza çatdırdı: “Bu gün Azərbaycan Ordusu Füzulidə Azərbaycan Bayrağını qaldırdı. Füzuli bizimdir. Qarabağ Azərbaycandır!”     Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edildi. Ümumilikdə  Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi azadlığına qovuşub.  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.”

“Qarabağımızın digər  bölgələri  kimi, Füzuliyə də həyat yenidən qayıdır”  söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki,  işğaldan azad edildikdən sonra burada quruculuq-bərpa  işlərinə start verildi: “İlk olaraq ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsinə başlanıldı.  Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Tarixi Zəfərdən sonra 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər etdilər.  Dövlət başçısı Füzuli şəhərində Azərbaycan Bayrağını ucaltdı. Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu.  Dövlət başçısı İlham Əliyevin hər bir səfəri Böyük Qayıdışın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Dövlət başçısı İlham Əliyev Füzuli rayonunda  Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub. Ölkə Prezidenti  “Füzuli” yarımstansiyasının açılışında iştirak edib.”

Vüqar Rəhimzadə bərpa-quruculuq işləri çərçivəsində gerçəkləşdirilən layihələr sırasında Qarabağın dünyaya açılan   hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı ilə yanaşı, Laçın və Zəngilan rayonlarında da aeroportların tikintisini də xüsusi qeyd edib: “Ötən il oktyabr ayının 26-da  iki dost, qardaş ölkənin- Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Bu mühüm hadisə  özündə bir sıra mühüm məqamları, çağırışları ehtiva edir. Bu, “Bir millət, iki dövlət”in  qardaşlığının,  dostluğunun, müttəfiqliyinin , hər zaman biri-birinin yanında olmasının dünyaya təqdimatı oldu. O da məlumdur ki, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan  işğaldan azad edilmiş ərazilərimizə ilk səfər edən, həmçinin Füzuli Beynəlxalq Hava Limanına ilk uçuşu  həyata keçirən, xarici ölkənin dövlət başçısıdır.  Yaxın günlərdə  Zəngilan Beynəlxalq Hava Limanının da açılışı olacaq. Atılan bu addımlar, ümumilikdə Qarabağın və Şərqi Zəngəzurun  sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərəcək. Füzuli aeroportu işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından da olduqca faydalıdır və bu prosesin sürətlənməsinə yeni imkanlar yaradacaq. O da məlumdur ki, ötən il Zəfər yolu istifadəyə verildi. Bu yolun böyük rəmzi mənası  vardır.  Çünki Füzuli-Şuşa yolu Azərbaycan Ordusunun Şuşa əməliyyatına şahidlik etdi.”

YAP Xətai rayon təşkilatının sədri diqqətə çatdırıb ki, hazırda  bütün işğaldan azad edilmiş ərazilərimiz həyatının yeni mərhələsindədir. Şəhərlərimizin, kəndlərimizin “ağıllı şəhər” və “ağıllı  kənd” layihələri çərçivəsində yenidən qurulması həyata keçirilir. “Ağıllı kənd” layihəsi çərçivəsində Füzuli rayonunun Dövlətyarlı  kəndində  yeni “ağıllı kənd”in yaradılmasına başlanılıb. Həmçinin rayonda  Memorial Kompleksin, Füzuli  şəhərinin təməli qoyulub.

Vüqar Rəhimzadə diqqəti  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən sonra Füzuliyə səfəri zamanı Azərbaycan Bayrağını ucaltdıqdan sonra ifadə etdiyi əminliyə yönəldib: “ Ölkə Prezidenti bildirdi ki,   bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik.  Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan Bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli Bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”     

YAP Xətai rayon təşkilatının sədri topraqlarımızın işğaldan azad edilməsindən ötən iki ildə görülən bərpa-quruculuq işlərinin miqyasının genişliyindən qürur hissi keçirdiyini bildirib: “Bu mühüm sahədə reallaşdırılan tədbirlər Böyük Qayıdışımızın tezliklə tam şəkildə həyata keçiriləcəyinə əminliyi artırır. Böyük Qayıdışdan sonra Füzulini yeni həyat gözləyir.”