Xəbərlər
Hər bir görüş sülhə doğru bir addımdır

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, Azərbaycan Ermənistana sülh təklifi etdi. Sülh sazişi beynəlxalq hüququn beş prinsipinə əsaslanır. Bu prinsiplərə ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması, gələcəkdə hər hansı ərazi iddialarından uzaq durması, güc tətbiqindən çəkinməsi, sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılması daxildir.
Azərbaycanın müəllifi olduğu sülh gündəliyi dünya gücləri tərəfindən dəstəklənir, regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması üçün səylərini əsirgəmədiklərini bildirirlər. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra intensiv xarakter alan danışıqlar prosesinin tərkibinə diqqət yetirsək Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu görmək mümkündür. Ötən ilin yanvarında Moskva, noyabr ayında Soçi, dekabr ayında ilk Brüssel görüşü növbəti mərhələnin aydın mənzərəsini yaratdı. Hazırda Brüssel danışıqları Azərbaycan dövləti tərəfindən yüksək dəyərləndirilir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanla Ermənistanın münasibətlərində yeni səhifənin açılmasında maraqlı olduğu göz qabağındadır. Bu, onun neytral şəkildə həyata keçirdiyi vasitəçiliyində də özünün aydın ifadəsini tapır.
Dövlət başçısı İlham Əliyevin oktyabrın 6-da Praqaya rəsmi səfəri bir çox məqamların təqdimatında əhəmiyytli rol oyynadı. Dövlət başçısı İlham Əliyevin yeni yaradılan siyasi platformanın - “Avropa siyasi birliyi”nin Zirvə Toplantısında iştirakı, həmçinin “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada çıxışı ölkəmizin Avropa ailəsində nüfuzuna bir daha işıq saldı. Ölkə Prezidenti çıxışında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində, Brüssel sülh gündəliyinin formalaşmasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı və təşəbbüsü ilə keçirilmiş görüşlərin əhəmiyyətini vurğuladı. Dövlət başçısı xatırlatdı ki, oktyabrın 2-də iki ölkənin xarici işlər nazirləri bu məqsəd ilə görüş keçirdilər. Sülh müqaviləsi üzrə danışıqlar uzun müddət davam etməməli, mümkün qısa zaman kəsiyində başa çatdırılmalıdır.
Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində də bu məsələyə xüsusi diqqət yönəldərək vurğuladı ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, təşəbbüslər heç də asan irəliləmir. Xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də müsbət addımdır. O da bildirildi ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaq. İlin sonunadək razılaşmaya nail ola bilərik. Azərbaycan tərəfdən irəli sürülən 5 prinsiplə bağlı nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Fransa Prezidenti beş prinsip qəbul edir: “Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir.”
Belə bir çağırış da edildi ki, sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalı, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır: “Əminəm ki, buna tez nail olmaq mümkündür. Çünki hesab etmirəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq. Əlbəttə ki, kommunikasiyaların açılması – bu, mümkün sülh müqaviləsinin hissəsi deyil, bu, mahiyyətcə artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir.”
Göründüyü kimi, Azərbaycan bütün öhdəlikləri yerinə yetirir. Ermənistan isə müxtəlf bəhanələrlə yayınmağa, təxribatlar törətməklə sülh müqaviləsinin imzalanması prosesini uzatmağa çalışır. Azərbaycan aparılan danışıqların nəticə verəcəyinə, görüşlərin sonunda qəbul edilən Bəyanatlarda, ən əsası 10 noyabr 2020-ci il tarixli üçtərəfli sənəddə əksini tapan müddəalarda ifadə olunan çağırışların reallığa çevriləcəyinə əmindir.
Gələn ay diqqət yenidən Brüsselə yönələcək. Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Prezident İlham Əliyevin və Ermənistanın baş nazirinin sayca 5-ci görüşü keçiriləcək. Hər bir görüş sülhə doğru bir addımdır.