YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaq

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasəti ilə beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir, sözünün imzası qədər əhəmiyyətini artırır. Dövlət başçısı İlham Əliyevin Praqa səfəri bu baxımdan xüsusi diqqətdə oldu. Prezident İlham Əliyevin “Avropa siyasi birliyi” Zirvə Toplantısına dəvət olunması, səfər çərçivəsində keçirilən dördtərəfli görüşün yekununda qəbul edilən  Bəyanatda əksini tapan müddəalar Azərbaycanın tarixi Zəfərimizdən sonra dünya birliyində yeri və roluna bir daha aydınlıq gətirdi. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycan illər keçdikcə bu əməkdaşlığın daha da dərinləşməsi üçün səylərini artırır. Azərbaycanın xarici siyasəti açıq, aydın və çoxşaxəlidir. Uğurlu xarici siyasətin nəticəsidir ki, Avropa İttifaqı və quruma üzv olan dövlətlər Azərbaycanı arzuolunan, etibarlı tərəfdaş kimi qəbul edir, əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı üçün potensial imkanın olduğunu bildirirlər. Cənab İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər, “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada çıxışı, Azərbaycan televiziya kanallarına Praqada müsahibəsi bu kimi məqamların beynəlxalq ictimaiyyətə çatdırılmasında öz sözünü deyəcək.

“Avropa İttifaqı bizim üçün çox önəmli tərəfdaşdır və yeni saziş üzərində iş aparılır” söyləyən Prezident İlham Əliyev bildirdi ki, Sazişin böyük əksəriyyəti artıq razılaşdırılıb və digər məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün də çox önəmlidir. Həmçinin Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi, sərmayə qoyuluşu sahəsində də özünü göstərir.

Hazırda dünyada mövcud olan geosiyasi vəziyyət resurslarımıza tələbatı daha da artırıb. “Əgər belə demək mümkündürsə, tale elə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı” bildirən cənab İlham Əliyev onu da əlavə etdi ki, Bolqarıstanda Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılış mərasimində də bu barədə məlumat verdim ki, ötən il qaz ixracatını əvvəlki ilə nisbətən 40 faiz artırmışıq. Bu il təxminən 30-40 faiz artırılacaq: “Əlbəttə ki, bu, böyük sərmayə tələb edir və biz buna getməyə hazırıq və buna gedirik. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq… Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır.”

Avropa İttifaqının sülh müqaviləsinin imzalanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində göstərdiyi səylər, vasitəçiliyini neytral şəkildə həyata keçirməsi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsləri, dövlət başçısı İlham Əliyev ilə mütəmadi telefon danışıqları, regionda sülhün və təhlükəsizliyin təmin olunması, ümumilikdə postmünaqişə dövrünün reallıqlarını müzakirə etməsi ölkəmizə, cənab İlham Əliyevə böyük etimadın, inamın göstəricidir. “Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq və Şarl Mişelin də bu sahədəki fəaliyyətini mən yüksək qiymətləndirirəm” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə biz sülhə daha da yaxınlaşırıq: “Bu dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaq.”

Hazırkı dövrün reallıqları təsdiqləyir ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti diplomatik uğurlarını daha da artırır. Azərbaycana söz sahibi kimi verilən dəyər, eyni zamanda, regionda ölkəmizin iştirakı olmadan hansısa iqtisadi və siyasi layihənin həyata keçirlməsinin mümkünsüzlüyü dünyaya nümunə olan inkişaf strategiyamızın nəticəsidir. Yaxın zamanlarda Azərbaycan diplomatiyasının növbəti uğurunu qeyd edəcəyimizə böyük əminlik var. Ermənistan ona verilən son şansdan isifadə edərək sülh müqaviləsini imzalamaqla münasibətlərdə açılan yeni səhifəyə öz əlavəsini edəcək. Dövlət başçısı İlham Əliyevin “Prinsipcə, hələ bir müddət bundan əvvəl mən demişəm ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər” fikri özündə bütün məqamları ehtiva edir.