YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıdır

Şəhla Abdullayeva

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri

Bu günlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olan Prezident İlham Əliyevin Sammit çərçivəsində keçirdiyi görüşlər, həmçinin Azərbaycan televiziya kanallarına müsahibəsində yer alan çağırışları ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra  bölgədə sülhün və təhlükəsizliyin yaradılması, Ermənistanla münasibətlərin normallaşdırılması, bir sözlə, yeni səhifənin açılması üçün Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etdi. Azərbaycanın müəllifi olduğu sülh gündəliyi  dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən dəstəklənərək qarşıya qoyulan məqsədə nail olmaq üçün  səylərini əsirgəməyəcəklərini bildirirlər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın sayca dördüncü görüşünün keçirilməsi sülh müqaviləsinin imzalanmasına doğru atılan addımlar kimi dəyərləndirilir. Hər bir görüşün sonunda qəbul edilən Bəyanatda Azərbaycanın mövqeyi dəstəklənir, irəli sürdüyü təkliflər və prinsiplər həmin sənədlərdə yer alır.

Dövlət başçısı İlham Əliyevin Praqa səfəri zamanı Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan dördtərəfli görüşü də Azərbaycanın diplomatik qələbəsi kimi dəyərləndirildi. Belə ki, görüşün sonunda qəbul olunan Bəyanatda əksini tapan müddəaların hər biri ölkəmizin milli maraqlarının müdafiəsinə, mövqeyinin dəstəklənməsinə xidmət etməklə yanaşı, müstəqil siyasətimizin uğurlarının da təqdimatı oldu. Belə ki, sənədin  4-cü müddəasında bildirilir ki, Avropa İttifaqı və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdi. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.

Göründüyü kimi, Ermənistan yenə də müstəqilliyinin formal xarakter daşıdığını, bu və ya digər dövlətlərdən asılılığını nümayiş etdirdi. 30 illik işğal dövrü Ermənistanın bu asılılığının təqdimatında mühüm rol oynayır. İşğalçı dövlət elə düşünürdü ki, torpaqlarımızı himayədarlarının dəstəyi ilə sonadək işğal altında saxlayacaq, faktları saxtalaşdırmaqla bu ərazilərin onlara məxsusluğunu sübut edə biləcək. 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın bu və ya digər dövlətlər qarşısında yalvarışlarını, telefon zənglərini yada salmaq kifayətdir. 

Ermənistan bu gün ona yaradılan son şansdan bəhrələnməklə bu asılılığı aradan götürə bilər.  Bölgədə  sülhün və təhlükəsizliyin təmin edilməsi fonunda yeni əməkdaşlıq formatlarının  yaradılması  reallığa çevriləcək ki, bu da öz növbəsində bu əməkdaşlıqda iştirak edən tərəflərdən biri kimi Ermənistanın düşdüyü ağır vəziyyətdən xilasına yol açar. Amma göründüyü kimi, işğalçı dövlət yenə də sülh müqaviləsinin imzalanması prosesini uzatmaq üçün cəhdlər edir. Ermənistan silahlı qüvvələrinin  sərhəddə  hərbi təxribatlar törətmələri,  həmçinin işğalçı dövlətin  mina terrorunu davam etdirməsi  sülhə mane olan hadisələrdir. Azərbaycan bərpa-quruculuq işlərinə başlandığı gündən Ermənistandan mina xəritələrinin verilməsini tələb etdi. Ermənistan rəhbərliyi gah onlarda belə xəritələrin olmadığını bildirdi, gah da təqdim etdikləri xəritələrin dəqiqliyi özünü doğrultmadı. Dövlət başçısı İlham Əliyev Azərbaycan televiziya kanallarına müsahibəsində bunu statistik rəqəmlər əsasında diqqətə çatdırdı: “İkinci Qarabağ  müharibəsi başa çatdandan  sonra  ermənilər  tərəfindən  ən azı  1400 mina  basdırılıb və bu, bizə qarşı  növbəti  cinayətdir, növbəti terror aktıdır: “Onu da bildirim ki,  250-dən çox azərbaycanlı  müharibədən sonra ya həlak olub,  ya da ki,  ağır yaralanıb. Yəni, bizə qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır. Minaların basdırılması yeganə cinayət deyil.”

Qeyd etdiklərimiz bu ümumiləşdirməni aparmağa əsas verir ki, Ermənistan bu gün də məqsədli şəkildə sülh müqaviləsinin imzalanmamasına çalışır. Bəzi dünya gücləri baş verənlərə yenə də seyrçi mövqedə dayanmaqla dövlətlərarası münasibətlərdə əsas amil olan etimad mühitinin mövcud olmadığını nümayiş etdirirlər. Bütün hallarda Azərbaycan Zəfərimizin yaratdığı reallıqlara söykənək irəliyə doğru inamla addımlayır, hər bir məsələnin həllində beynəlxalq hüququn rolunu önə çəkir. Ölkəmiz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıdır.

DİGƏR Xəbərlər Arxiv