YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2003-cü il 15 oktyabr Prezident seçkilərində Azərbaycan xalqı inkişafa, sabitliyə və tərəqqiyə səs verdi

“Bu il oktyabrın 15-də cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 19 ili tamam olur. 2003-cü il oktyabrın 15-də ölkəmizdə keçirilən prezident seçkiləri ilə müasir inkişafımızın yeni bir dövrü başladı. Həmin il oktyabrın 1-də ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etdi. Ulu Öndər həm cənab İlham Əliyevin, həm də Yeni Azərbaycan Partiyasının bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklərinə əminliyini ifadə etmişdi. Xalqımız Ulu Öndərimizin çağırışına səs verdi və seçkilərdə Heydər Əliyev siyasətinin davam etdirilməsi yolunu tutdu. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs verdi. Bununla da, Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illər ərzində bütün sahələr inkişaf edib və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Eyni zamanda, dövlətimizin başçısının siyasətində açıq siyasi dialoq ölkənin siyasi gündəliyini xarakterizə edən əsas amillərdən biridir. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi ənənəsi formalaşdırılıb. 

Xüsusilə qeyd etmək lazımdır ki, 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradılıb. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi fəaliyyət istiqamətlərinə baxsaq, “Yumşaq güc” amilinin təcrübədə effektivliyinə bir daha əmin ola bilərik. Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım oldu. 

Pərvin Kərimzadə deyib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf  diyarına çevrilib. Ölkəmizdə sabitliyin təminatçısı xalq-iqtidar birliyi, Liderin xalqın maraqlarına, rifahına və mənafeyinə əsaslanan siyasəti, xalqın isə öz Liderinə qətiyyətli inamıdır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini təmin edən mühüm faktorlardan biri inkişafın milli modelinin – yeni iqtisadi modelinin yaradılmasıdır. Son 19 ilin göstəriciləri makroiqtisadi sabitliyə nail olan Azərbaycanın innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan əsas hədəfləri uğurla reallaşdırdığını təsdiqləyir. Mərkəzində Azərbaycan vətəndaşının rifah və mənafeyinin dayandığı nümunəvi sosial siyasətin həyata keçirilməsi – vətəndaş məmnunluğunun artırılması, regionların sosial-iqtisadi inkişaf konsepsiyasının uğurla reallaşdırılması və digər mühüm faktorlar ölkənin etibarlı və dayanıqlı yüksəlişinə əlavə təkan olub.

“Şübhəsiz ki, Prezident İlham Əliyevin fəaliyyətinin ən parlaq səhifəsini Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpaolunması təşkil edir. Bu, Zəfər salnaməsi – Qələbə dastanıdır, həmçinin Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin böyük siyasətinin real nəticəsidir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, rasional, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara cavab verən strateji kursun məntiqi nəticəsidir. Azərbaycanın hərbi gücünün, iqtisadi potensialının, qlobal arenada siyasi nüfuzunun və çəkisinin artması, beynəlxalq mövqeyinin möhkəmlənməsi, milli həmrəyliyin, xalq-Lider birliyinin təmin olunması ərazi bütövlüyümüzün bərpasında, tarixi qələbənin qazanılmasında həlledici amil olub. Dünyanın hərb və siyasət tarixində xüsusi yer tutan, xalqımızın şanlı qəhrəmanlıq dastanı və Zəfər simvoluna çevrilən 44 günlük Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını deyil, eyni zamanda, həm Cənubi Qafqaz regionunda, həm də Avrasiyada yeni geostrateji reallıqların yaranmasına səbəb olub. Ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslər regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfə olmaqla yanaşı, Azərbaycanın qlobal arenada mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işlərinin aparılması, tarixi, dini və mədəni abidələrimizin bərpası regional inkişafın əhatə dairəsinin genişlənməsinə səbəb olmaqla yanaşı, milli tərəqqinin yeni mərhələsinə transformasiya deməkdir.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni-yeni zəfərlərə doğru inamla irəliləyir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.