YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan əlaqələrində yeni perspektivlər

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Son günlər dünyanın, xüsusilə də regionumuzun diqqət mərkəzində olan hadisələrdən biri, Praqada keçirilən Zirvə görüşü idi. Avropa Birliyinin, daha konkret isə Fransanın təklifi ilə keçirilən bu toplantının formatı barədə müxtəlif fikirlər, rəylər səslənsə də, bir şey aydın idi ki, bu format digərlərindən fərqlənir. Hər şeydən əvvəl adına, sonra Birlik üzvü olmayan, lakin Birliklə əməkdaşlıq edən 17 dövlətin də dəvət edilməsinə görə.

Əslində bu format, bir şəkildə “Avropa Şərq Tərəfdaşlıq Proqramının” təkrarı kimi görünsə də, adları Ukrayna münaqişəsinə qarışmış Rusiya və Belorusun bu tədbirə çağırılmaması diqqət çəkən məqamlardandır. Diqqət çəkən digər məqam, Sammitdə Fransanın hər vasitə ilə dominant rol oynamaq cəhdi idi. Bu, Fransa Prezidentinin kuluar söhbətlərdə də, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə də “fəallığından” hiss olunurdu.

Azərbaycan Prezidentinin bu toplantıya dəvət edilməsi, bir tərəfdən ölkəmizə verilən əhəmiyyət, digər tərəfdən də Ermənistanla real sülh prosesinə nəhayət start verilməsinə vasitə olması kontekstindən əhəmiyyətli hadisədir. Avropa siyasi isteblişmentində ölkəmiz barədə məlumat məhdudiyyətinin, xüsusilə Ermənistanla informasiya mübarizəsində bizim üçün problemlər yarada biləcəyi ehtimalı göz önünə alınarsa, bu Siyasi Birliyin (ASB) ilk toplantısında iştirak, ölkəmiz üçün çox vacib idi. Qitənin bir çox ölkələri Azərbaycanla tərəfdaşlığa böyük əhəmiyyət versələr də, təəssüf ki, birlik içərisində bizə dost olmayan ölkələr də var. Bu ölkələrin pozucu, əleyhimizə olan fəaliyyətini neytrallaşdırmaq üçün Avropa Siyasi Birliyinin tribunasından, imkanlarından istifadə etməmək doğru olmazdı. Artıq yaşanmış ilk təcrübə, strateji əhəmiyyətli məsələlərin, təhlükəsizlik problemlərinin müzakirəsində konsensus əldə etmək üçün bu platformanın hələlik heç də pis vasitə olmadığını göstərir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu, habelə Asiya ilə Avropa arasındakı kommunikasiya qovşaqlarının diversifikasiyası istiqamətindəki fəaliyyəti, şübhəsiz ki, Avropa üçün əhəmiyyətimizi artıran amillərdəndir.

Oktyabrın 6-da “Avropa siyasi birliyi” Zirvə Toplantısının Praqada keçirilən və 44 ölkənin iştirak etdiyi ilk Sammitində Azərbaycan Prezidentinin iştirakı bir çox məqamlarla yadda qaldı. Bunlar ilk növbədə Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüş və bu görüşdən gözlənilən nəticələr idi. Görüşdə müzakirə olunan məsələlərin təfərrüatları barədə informasiya, Dövlət Başçımızın Azərbaycan televiziya kanallarına müsahibəsində əksini tapıb.

Prezident, bu müsahibəsində xüsusilə Şarl Mişelin fəaliyyətini yüksək qiymətləndirərək, danışıqların bizi sülhə yaxınlaşdıracağına ümüd etdiyini vurğulamış, xarici işlər nazirləri arasında keçirilmiş ilk görüşün davamlı olmasının vacibliyini qeyd etmiş, iki ölkənin işçi qruplarının qısa müddətdə sülh müqaviləsinin mətni üzərində çalışmalara başlanılmalı olduğunu vurğulamışdır.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə də toxunan Dövlət başçımız, enerji sahəsi başda olmaqla, ölkəmizin bir çox sahələrdə Avropa Birliyi ilə fəal əməkdaşlıq etdiyini dilə gətirmiş, nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yarandığını, Azərbaycanın coğrafi mövqeyinin və müasir nəqliyyat infrastrukturunun Avropa üçün önəmini xatırlatmış, eyni zamanda Avropa İttifaqı ölkələrinin də Azərbaycanın əsas ticarət tərəfdaşları olduğunu, təhsil, humanitar və digər sahələrdə əlaqələrimizin perspektivini qiymətləndirmişdir.

Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşə də toxunan Prezident, həm Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri, həm İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ermənilər tərəfindən basdırılmış minlərlə mina, həm də zaman-zaman davam edən təxribatlar mövzusunu gündəmə gətirdiyini, bu addımların sülhə xidmət etmədiyini və bunlara birdəfəlik son qoyulmalı olduğunu qarşı tərəfin və vasitəçilərin diqqətinə çatdırdığını, Azərbaycanın suveren ərazisində məskunlaşmış bütün etnik qruplar kimi, erməni vətəndaşların da hüquqlarının qorunmasının ölkəmizin daxili işi olduğunu, heç bir kənar qüvvə ilə bu məsələni müzakirə predmetinə çevirmək niyyətində olmadığımızı hər kəsin bilməli olduğunu, Azərbaycan cəmiyyətinə inteqrasiya edildikdən sonra erməni əsilli vətəndaşların yaşayış standartlarının indikindən qat-qat yaxşı olacağını dilə gətirmiş, bunu qəbul etməyənlərin öz yaşayış yerlərini dəyişmək barədə düşünməli olduğunu bəyan etmişdir.

Kommunikasiyaların açılması məsələsinə də toxunan Dövlət Başçımız, Ermənistanın bu öhdəliyi 10 noyabr Bəyannaməsi ilə üzərinə götürdüyünü, lakin bu günədək icra etmədiyini, görüşdə avtomobil yolu üçün marşrutla əlaqədar sualın yenə də cavabsız qaldığını, Ermənistanın bu mövqeyinin anlaşılan olmadığını və əslində öhdəliyi pozmaq olduğunu bildirmiş, buna rəğmən, bizim səbr etdiyimizi və gec ya tez buna nail olacağımıza əmin olduğunu nəzərə çatdırmışdır.

Ümüdvarıq ki, Avropa İttifaqı və bu İttifaqla əməkdaşlıq edən dövlətlərlə münasibətlərin keyfiyyətcə yeni mərhələsinə zəmin yaratmaq üçün yaradılmış “Avropa Siyasi Birliyi”, tərəfdaş ölkələr arasında ədalətli və konstruktiv dialoq üçün platformaya çevriləcək, Avropa ailəsinə dəvət edilmiş Azərbaycanın qarşısında yeni perspektivlər açacaq.