YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmiz üçün müstəsna əhəmiyyətə malik bir hadisə

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Bu gün Prezident İlham Əliyevin sayəsində, Onun yürütdüyü möhtəşəm, düşünülmüş siyasət nəticəsində ölkəmiz heç zaman olmadığı qədər güclü və qüdrətlidir. Azərbaycan olduqca yüksək beynəlxalq nüfuza malikdir. Ölkəmizin  bir sıra möhtəşəm tədbirlərə ev sahibliyi etməsi bu gün bütün dünya dövlətlərinin diqqət mərkəzindədir. Tarixi  Zəfərimizdən sonra isə bu möhtəşəm tədbirlərin artıq bir çoxunun işğaldan azad olunmuş bölgələrdə keçirilməsi isə hər birimizdə böyük qürur və fəxarət hissləri yaradır.

Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb. Forumun açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Bu Forum Azərbaycan Milli Şəhərsalma Forumu əslində  çoxfunksional bir beynəlxalq tədbirdir. Qeyd etmək lazımdır ki, bu Forumda iştirak edən dünyanın 40-dan artıq ölkəsinin nümayəndələri həm də 30 il işğal altında qalmış ərazilərimizdə hansı vəhşiliklərin, barbarlıqların törədildiyini bir daha öz gözləri ilə görmək imkanı əldə etdilər.

Prezident İlham Əliyev tədbirdə çıxış edib. Dövlət başçımız çıxışında mühüm məqamlara toxundu, ciddi  mesajlar verdi, Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Prezident İlham Əliyev çıxışında Azərbaycan Milli Şəhərsalma Forumunun Ağdam şəhərində deyil, məhz bu şəhərin bir zamanlar yerləşdiyi məkanda təşkil edildiyini vurğulaması təsadüfü deyildi. Bununla da ölkə başçısı Ağdamın ermənilər tərəfindən tamamilə dağıdıldığı və yerlə-yeksan edildiyini bir daha kəskinliklə vurğuladı. Həmçinin dövlətimizin başçısı xüsusi olaraq bu faktı da qeyd etdi ki, Ağdam Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. Bu şəhər sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılmışdır. Cənab Prezident eyni zamanda işğal dövründə eyni aqibəti yaşayan digər şəhər və kəndlərimizin bu talançılıq siyasətinin təkcə Ağdamda deyil, Cəbrayıl, Qubadlı, Zəngilan və digər şəhər, rayonlarda düşmən tərəfindən aparıldığını, Ermənistan dövlətinin beynəlxalq hüquqa məhəl qoymayaraq müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürütdüyünü əhatəli şəkildə diqqətə çatdırdı.

“Bu gün Azərbaycan keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng layihələr həyata keçirməkdədir, Ermənistan isə bu prosesi mümkün qədər ləngitmək məqsədi ilə faktiki olaraq 30 il ərzində törətdiyi hərbi cinayət əməllərini indi də davam etdirir” - deyən ölkə başçısı Azərbaycanın qarşısında duran ən böyük çətinliklərdən olan mina məsələsinə də toxunaraq bir sıra faktları səsləndirdi.

Beləliklə, 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox iştirakçının qatıldığı bu tədbirin Ağdamda keçirilməsi ölkəmiz üçün müstəsna əhəmiyyətə malik bir hadisədir və eyni zamanda bu Forumun işğaldan azad edilmiş Ağdam şəhərində keçirilməsi, bütün dünyanın diqqətini erməni vandalizminə yönəltmək baxımından olduqca mühüm və uğurlu platformadır.