YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıtmaq sevincini yaşayırlar

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsi mühüm hadisədir. Forumun açılış mərasiminin işğaldan azad olunmuş Ağdam şəhərində baş tutması isə xüsusilə əlamətdardır.

44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.

Forumun açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev tədbirin əhəmiyyətini vurğuladı, xüsusilə işğaldan azad edilmiş əraziərimizdə görülən bərpa işləri ilə bağlı dəyərli fikirlərini səsləndirdi. Dövlət başçısının dediyi kimi, Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb, ermənilər tərəfindən 30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan sonra minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdamı “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırırdılar.

Ümumiyyətlə, Ermənistan ötən əsrin sonlarında torpaqlarımızı işğal edəndə Azərbaycanın 8 milyon əhalisi var idi ki, onun da 1 milyonu erməni təcavüzü nəticəsində doğma ev-eşiklərini tərk etmək, qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamaq məcburiyyətində qalmışdı. İnsanların illər boyunca qurub yaratdıqları evlərini tərk etmək və çadırlarda, vaqonlarda, necəgəldi tikililərdə yaşamaq məcburiyyətində qalmaları əsl faciə idi. Azərbaycan, xüsusilə müstəqilliyinin ilk vaxtlarında ölkədə yaranan humanitar böhranın fəsadlarının müəyyən qədər yumşaldılmasına dəstək verən bütün beynəlxalq qurumlara, o cümlədən də BMT təsisatlarına minnətdarlığını ifadə edir. Sonradan inkişaf edən Azərbaycan dövləti 300 min məcburi köçkünün mənzil şəraitini öz gücünə yaxşılaşdırmağa nail oldu. Qaçqın və məcburi köçkün soydaşlarımız 30 il ərzində doğma yurd yerlərinə qayıtmaq arzusu ilə yaşayıblar. Həmin gün 44 günlük Vətən  müharibəsindən sonra gəldi. Ancaq xüsusi icazə ilə öz kəndlərini, yurd yerlərini görməyə gedən insanlar yenə də acı reallıqla üzləşdilər - onların 30 il əvvəl qoyub getdikləri qurulu evlərdən, abad şəhər və qəsəbələrdən əsər-əlamət qalmamışdı. Yurd yerlərinin əvəzində xarabalıqları, əzizlərinin uyuduqları dağıdılmış qəbiristanlıqları görən soydaşlarımızın cəkdikləri mənəvi iztirabları xatırladan Prezident İlham Əliyev deyib: “Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Siz bizim, azərbaycanlıların, xüsusilə Ağdam, Füzuli, Azərbaycanın işğal altında olmuş digər ərazilərində yaşamış insanların buraya gələndə nə hiss etdiklərini təsəvvürünüzə gətirə bilərsiniz. Onlar, hətta evlərinin yerləşdiyi yeri belə tapa bilmirlər, çünki hər şey tamamilə dağıdılıb”.

Artıq dövlətimiz işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirir. Keçmiş məcburi köçkünlərin demək olar ki, haımısı doğma yurdlarına qayıtmaq istəyirlər. Onların bir hissəsi həmin torpaqların işğalından sonra dünyaya gələn insanlardır. Bu fakt onu göstərir ki, insanlarımız öz ata-baba torpaqlarına, yurdlarına bağlıdırlar. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən möhtəşəm bərpa və quruculuq işləri keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını günbəgün yaxınlaşdırır.