YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Azərbaycan şəhər inkişafı sahəsində mükəmməl təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşür

“Oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikası  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı,  ADA Universitetinin təşkilati dəstəyi ilə  Ağdamda  “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu bir çox məqamlarla yadda qaldı. Nəzərə alsaq ki, bu, Azərbaycanın yaratdığı milli platformadır, bu halda onun beynəlxalq əhəmiyyəti, Azərbaycanın dünya birliyində yerinə və roluna təsiri özünü aydın şəkildə  nümayiş etdirir. Bu baxımdan ki, Forum   44 ölkədən 130-dan çox nümayəndəni, ümumilikdə isə 400 nəfərdən çox iştirakçını işğaldan azad edilmiş Ağdam şəhərində bir araya gətirdi.

Tədbir müzakirə olunan mövzu ilə yanaşı, məkan baxımından da xüsusi diqqət çəkdi. Sual oluna bilər: Niyə Ağdam şəhəri?  Dövlət başçısı İlham Əliyev bu ilin iyun ayında Polşanın Katovitse şəhərində keçirilən  Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatdakı çıxışında ermənilərin   30 illik işğal dövründə  şəhər və kəndlərimizi  qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirdiklərini əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki,  bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, dünya bu gün “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırılan Ağdamın timsalında işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin necə geniş miqyas aldığını görür: “30 ildə dağıdılan, bütün tarixi və dini abidələri yerlə-yeksan edilən Ağdam şəhəri “ağıllı şəhər” layihəsi çərçivəsində yenidən qurulur, bərpa edilir. Buradakı bərpa-quruculuq işlərinin miqyasını təsəvvür etmək üçün dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna səfərlərinə diqqət yetirmək kifayətdir. Səfər zamanı dövlətimizin başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış oldu. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin,  rayonun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının təməlqoyma mərasimlərində iştirak etdilər. Həmçinin Prezident İlham Əliyev  və birinci xanım Mehriban Əliyeva  Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak etdilər. Ümumiyyətlə,  Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda  on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edilir. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir. Bu sənaye parkı sərmayədarlara və sahibkarlara açıqdır.”

“Azərbaycan Milli Şəhərsalma Forumu adından, eyni zamanda, müzakirəyə çıxardığı mövzudan da göründüyü kimi,  şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki,  bu gün Azərbaycanın şəhərsalma təcrübəsi dünyaya nümunədir: “Paytaxt Bakımızın timsalında dünya Azərbaycanın müasirliklə qədimliyin sintezini necə yaratdığını görür. Hazırkı dövrün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizin yenidən bərpası olduğundan dünyanın diqqəti bu torpaqlara  yönəlib. Şəhərlərin Baş planlarında sistemli şəkildə görülməsi nəzərdə tutulan işlər öz əksini tapıb. Bu ərazilərdə bütün yeniliklərin tətbiqi nəzərdə tutulub. Dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət”, DOST mərkəzlərinin  bu ərazilərdə də yaradılması prioritetdir.  Hər bir ölkənin inkişafında vacib amil olan yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atılır. İşğaldan azad edilmiş ərazilərimizin, o cümlədən bu gün Ağdam şəhərinin  qonaqlarını qəbul etməsində əhəmiyyətli rol oynayan Füzuli Beynəlxalq Hava Limanı beynəlxalq standartlara cavab verir. Bu ay Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Laçın Beynəlxalq Hava Limanının isə 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Yeni avtomobil, dəmir yolları çəkilir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihəsi çərçivəsində yenidən bərpa olunan, soydaşlarımızın yaxşı şəraitdə yaşayışı üçün zəruri addımlar atılan   bu torpaqlarımız sözün əsl mənasında cənnət məkana çevrilir.”

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Forumda “Burada - Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz” söyləyərək bu mühüm məqamı da  böyük qürur hissi ilə qeyd etdi ki, hazırda biz keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Böyük Qayıdış proqramının icrasına başlanıb.

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın yaratdığı milli platformanın fonunda diqqəti məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək olan yeni siyasi platformaya- “Avropa siyasi birliyi”nə yönəldib: “Tarixi Zəfərimizin dünyaya diktə etdiyi çağırışlar əsasında yaranan bu platformanın Zirvə Toplantısına Avropa ailəsinin dəvəti ilə qatılan dövlət başçısı İlham Əliyevin yeni tribunadan dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn əsas prinsip olduğunu, ərazi bütövlüyü prinsipinin əsas götürülməsinin vacibliyini  bəyan etməsi bir daha Azərbaycanın dəyişməz mövqeyinin dünyaya təqdimatı oldu.  Hər iki yeni platforma postmünaqişə dövrünün əsas çağırışı olan sülh müqaviləsinin imzalanması fonunda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması ilə yeni əməkdaşlıq formatlarının yaradılmasında, əlaqələrin inkişafında öz sözünü deyəcək. Azərbaycan Milli Şəhərsalma Forumunu  Ağdamın beynəlxalq əlaqələrinin başlanğıcı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin  Ağdam və dünyanın bir çox şəhərlərinin  qardaş şəhərlər olacağı ilə bağlı səsləndirdiyi əminlik də bunun təsdiqidir.”