YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qurucu Prezident

Tahir Məmmədov

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru

Xalqımızın görkəmli oğlu, artıq bütün dünyada qurucu, yaradan, quran rəhbər kimi şöhrət qazanmış cənab İlham Əliyev bu ilin 5 oktyabr tarixində işğaldan, əsarətdən özü azad etdiyi Ağdam şəhərinə növbəti dəfə səfər etdi. Müzəffər və Qalib Prezidentimizin bu səfəri də genişmiqyaslı, sürətli quruculuq işləri ilə şərtlənirdi. Bədnam, üzdəniraq qonşularımuz - ermənilər tərəfindən 30 il ərzində qəddarcasına dağıdılıb sökülmüş binalar, evlər, dirriklər artıq tikilməyə qurulmağa, bərpa olunmağa başlayır. Özü də sevindirici haldır ki, qəlbində arzularında həmişə qurub-yaratmaq eşqi, həvəsi qaynayan Prezidentimiz İlham Əliyev hər bir təməlqoyma mərasimində imkan tapdıqca özü iştirak edir, böyük fərəh və qürur içində belə nəcib əməllərin bünövrəsini özü qoyur. Bu günlərdə çoxminli, ümumxalq partiyamızın Sədri, Prezident İlham Əliyev Ağdam bölgəsinə səfəri zamanı əvvəlcə yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olmuş, birinci xanım Mehriban Əliyeva ilə birlikdə rayonun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin “City Hotel Ağdam” mehmanxanasının təməlqoyma mərasimlərində iştirak etmişlər. Dövlət başçısı İlham Əliyev və birinici xanım Mehriban Əliyeva Pənahəli xanın sarayı və imarət komplekslərində görüləcək işlərlə yaxından tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunması nəzərdə tutulmuş 470 mənzildən ibarət yaşayış məhəlləsinin, Ağdamın dəmir yolu ilə avtovağzal kompleksinin, habelə rayonun Sarıcalı kəndinin yenidən salınması mərasimində də iştirak etmişlər.

Həmin tarixi, xoşməramlı günlərdə Ağdam şəhərindən “Biz güc yolu ilə geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada əbədi yaşamağa geri qayıtdıq”- deyə bütün dünyaya səslənən dahi rəhbər beynəlxalq ictimaiyyətə qəhrəman Azərbaycan xalqının böyük qələbəsini və yenilməz nikbinliyini cəsarət dolu, dərin məzmunlu çalarla çatdırdı. Cənab İlham Əliyevin hər bir qədirbilən Azərbaycan vətəndaşını qürurlandıran, qəlbini hədsiz fərəh hissi ilə dolduran bu sözləri, - “QARABAĞI VƏ ZƏNGƏZURU YENİDƏN QURACAĞIQ – BU BİZİM MİLLİ İDEYAMIZDIR!” - bir əbədi məşəl kimi ölkəmizin hər bir guşəsini daim isindirəcək, işıqlandıracaqdır.

Böyük ictimai-siyasi əhəmiyyət kəsb edən həmin forumda prezident İlham Əliyev BMT–nin Məskunlaşma Proqramının icraçı direktorunun altı ay əvvəl Azərbaycanda olmasını məmnunluqla xatırlayaraq, onunla mehriban görüşünü dilə gətirmişdir. Öz tarixi, dərin məzmunlu çıxışında ermənilərin əsarəti, işğalı altında darmadağın olan Qarabağı, bir vaxtlar öz al-əlvanlığı ilə coşub-daşan, böyük şəhər olan Ağdamı son 30 ildə “Qafqazın Xirosiması”adlandıraraq çox obrazlı şəkildə forum iştirakçılarının nəzərinə çatdırdı. Daha sonra əlavə etdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz quruculuq, bərpa işlərinə başlamamışdan əvvəl minlərlə əcnəbi qonaqlar - jurnalist, siyasətçi, vətəndaş cəmiyyətinin nümayəndələri azad olunmuş ərazilərə səfərlər etmiş, dağıdılmış bölgələrdə erməni barbarlığının və vandalizminin viran etdikləri yerləri - yaşayış məntəqələrini, müqəddəs məscidləri, tarixi abidələri öz gözləri ilə görmüşlər.

44 ölkədən (onu da deyim ki, 44 sayı artıq hər bir azərbaycanlı üçün müqəddəs rəqəm sayılır, çünki 44 gün ərzində biz illərin həsrətinə son qoymuşuq) 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən artıq insanın qatıldığı I Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq tədbiri idi. Belə bir möhtəşəm beynəlxalq tədbirin tribunasından möhtərəm Prezidentimiz İlham Əliyev dünyaya bir daha bəyan etdi ki, ATƏT-dən mandatı alan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş Azərbaycan ərazilərinə dəfələrlə, təkrar-təkrar səfərlər etsələr də, hər şeyi görərək, kəndlərimizin, şəhərlərimizin qəddarcasına dağıdılıb məhv edilməsinə soyuqqanlı nəzərlərlə tamaşa etmiş, səbəbkarı - Ermənistanı qınamamışlar. “Bizim hər hansı bir vasitəçiyə ehtiyacımız yoxdur!” - Nə qədər sərrast, dəmir ötkəmliklə ilə deyilən sözlərdir! - əsl Qalib və Müzəffər Ali Baş Komandanın iradəsinin əks etdirir. Təkcə forum iştirakçıları deyil, dünyanın bütün mütərəqqi fikirli insanları “Dəmir yumruqlu” Prezidentin misilsiz, nikbin, obyektiv humanizminin də bir daha şahidi oldular. “Qarabağ Azərbaycandır!”- deyən Ali Baş Komandan - “Hələ də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə, onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik” deyir.

Azərbaycan xalqı öz Prezidentinin uzaqgörən nəzərləri ilə gələcəyə nikbinliklə, fərəhlə baxır. Bəli, sülh prosesi ilə bahəm dərin bir nikbinlik lap yaxınlığımızdadır. Təpədən-dırnağa kimi ümid içindəyik ki, sərhədlərin delimitasiyası ilə bağlı iki komissiya, fürsəti və tələsən, qaçan vaxtı, zamanı əldən verməyəcəkdir. Çünki hər iki ölkə arasında hələlik faktiki, mövcud olmayan sərhədin müəyyən olunması üzərindəki vacib məsələ ilə bağlı iti və geniş diplomatik iş aparılır.

Qarabağın və Şərqi Zəngəzurun yenidən başdan-başa təzələnib qurulması, insanların öz yerlərinə dönməsi, Azərbaycanın hər bir bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı, daha əlverişli, münbit həyat şəraitinin yaxşılaşdırılması prosesi gündən-günə sürətlənir. BÖYÜK QAYIDIŞ proqramı artıq işlək halındadır. Bütün uğurların məğzində, özəyində Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri, yenilməz Prezidentimiz İlham Əliyevin ideyaları və onun qətiyyətinin təntənəsi dayanır.