YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər günü şanlı tarix olan möhtəşəm Qələbə

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Prezident, Müzəffər Ali  Baş  Komandanımız İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən işğalından azad etdiyi doğma bölgələrimizdən biri də Cəbrayıl şəhəri olmuşdur.  27 sentyabr 2020-ci il tarixdə erməni silahlı birləşmələrinin terror-təxribat aktına cavab olaraq, güclü Ordumuzun həyata keçirdiyi əks hücum “Dəmir Yumruq” əməliyyatı nəticəsində 30 ilə yaxın müddət ərzində düşmən işğalında olan dədə-baba torpaqlarımız bir-birinin ardınca düşmən tapdağından təmizləndi. Mənfur düşmən cəmi 44 gün ərzində döyüş meydanında darmadağın oldu. Döyüşlərin ilk günüdə-27 sentyabrda cəsur Ordumuz Füzuli rayonunun 4 kəndini, Cəbrayıl rayonun 2 kəndini və Kəlbəcərin Murovdağ zirvəsini düşmən işğalından təmizlədi. Bu isə Ali Baş Komandanımızın müdrik siyasətinin və Ordumuzun rəşadətinin bariz nümunəsi idi. Sürətlə işğaldan azad olunan ərazilərimizdən biri olan Cəbrayıl şəhərinə Ordumuzun igid oğulları tərəfindən 4 oktyabr 2020-ci il tarixdə Azərbaycan bayrağı sancıldı. Bu qələbəni, möhtəşəm sevinci təkcə Cəbrayıldan olan sakinlər deyil, ümumilikdə Vətən həsrətində olan bütün vətəndaşlarımız yaşadı. Əfsuslar olsun ki, Cəbrayıl şəhəri 1993-cü ildə Ermənistanın vandalizm siyasəti nəticəsində işğal olunmuşdu. Müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasa  və 1994-cü ildə atəşkəs müqaviləsi bağlanmasa idi, hesab edirəm ki, bəlkə də düşmənlərimiz bütün doğma ərazilərimizi zəbt edəcəkdilər. Ona görə də, Azərbaycan xalqı, xüsusilə Azərbaycan gəncliyi xoşbəxt və firavan həyat tərzinə görə Ulu öndər Heydər Əliyevin ruhuna daim təşəkkür hissini ifadə etməli və onu ehtiramla yad etməlidir! Sevindirici haldır ki, əsrlərdir Azərbaycana qarşı mənfur siyasət aparan, ölkəmizin ərazilərini işğal edən və mifologiyalarla yaşayan erməni millətinin xislətinə Ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyev əbədi olaraq son qoydu! Çünki cənab Prezidentin xalqımızı, ordumuzu qələbədən-qələbəyə aparan müdrik şüarları bizim gücümüzə güc qatmışdır. Dövlətimizin başçısının Cəbrayıl azaddır!, Füzuli, Şuşa və digər bütün doğma torpaqlarımız azaddır!, deyə səsləndirdiyi nida sözləri hər bir vətəndaşımızın sevinc göz yaşlarına səbəb olmuş, bizi həddindən artıq ruhlandırmışdır. 2020-ci il 4 oktyabr tarixində Ali Baş Komandanımızın bu sevincli xəbəri: "Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini  və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" xalqımızla bölüşərək, həm möhtəşəm Qələbə sevincini paylaşır, həm də ermənilərin kapituliyasiyaya gedən yolunun yaxınlaşmasını diqqətə çatdırırdı. 

Ötən əsrlərdən bugünə qədər dədə-baba yurdumuza qarşı işğalçılıq siyasəti aparmaqla, yüz minlərlə soydaşımızı günahsızcasına qətlə yetirən Ermənistan dövlətinə tarixin heç bir dönəmində 2020-ci ilin 44 günlük Vətən müharibəsində olduğu kimi böyük dərs verilməmişdir! Elə bir dərs ki, düşmən öz acı məğlubiyyətinin ağır nəticələri ilə razılaşıb kapituliyasiya aktına imza atdı. Bir sözlə ermənilər Prezident-Xalq-Ordu Birliyimiz qarşısında təslim oldu.

Prezident, Partiyamızın Sədri İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasəti bu gün Azərbaycanın beynəlxalq müstəvidəki nüfuzunu ən yüksək səviyyəyə qaldırmış, eyni zamanda xalqımızın ərazi bütövlüyü tamamlanmış bir ölkədə-Azərbaycanda müstəqil, sülh və harmoniya şəraitində yaşamasını əbədi olaraq təmin etmişdir! 

DİGƏR Xəbərlər Arxiv