YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Andına və xalqına sadiq Ulu Öndər”

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Andına və xalqına sadiq Ulu Öndər” adlı tədbir keçirilib.

Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, müavini İsmayıl Əliyev, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin RİH-in inzibati binasının foyesindəki büstünün önünə tər çiçəklər düzülüb.

Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Daha sonra müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işləri vurğulayan V.Səfixanov qeyd edib ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Ulu Öndərin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, müstəqilliyimizin bərpasından sonrakı ilk dövr - 1991-1993-cü illər tariximizə xaos, anarxiya, böhranın dərinləşdiyi, dövlətin parçalanma, millətin məhvolma ərəfəsində olduğu məşəqqətli dövr kimi həkk edilib. SSRİ-nin dağılması ilə elan edilən müstəqillik Azərbaycan xalqına azad ölkənin vətəndaşı olaraq qürur duymaq hissindən əvvəl keçmiş Dağlıq Qarabağ problemi kimi milli faciə və bu problemdən heç də geri qalmayan siyasi təlatümlər, hakimiyyət ambisiyaları nəticəsində meydana çıxan qovğalar, itkilər gətirdi: “Kağız üzərində olan müstəqilliyi dövlətin mövcudluğu timsalında təsbit etmək, onu möhkəmləndirmək lazım idi, lakin o vaxt iqtidarda olanlar yalnız öz mövqelərini möhkəmləndirməklə məşğul idilər. O illərdə xalqımızın təhlükələr məngənəsində yaşamağa məhkum olması, son həddə çatmış siyasi qeyrisabitlik, sürətli iqtisadi tənəzzül, erməni təcavüzünün coğrafiyasının genişlənməsi və bütün bunların qaçılmaz nəticəsi kimi əhalini bürüyən bədbinlik hisslərinin getdikcə güclənməsi cəmiyyətin güclü liderə ehtiyacının olduğunu göstərirdi. Bunun nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçdi. Beləliklə, 1991-1993-cü illərdə ən ağır günlərini yaşamış Azərbaycan xalqı məhz Ulu Öndərin adı ilə bağlı olan düzgün siyasi seçim əsasında xaosdan tərəqqiyə keçid mərhələsinin bünövrəsini qoydu. Daim dövləti, xalqı üçün yaşayan, bütün ömrünü ölkəsinin gələcəyinə həsr edən ulu öndər Heydər Əliyev ölkənin, xalqın bu ağır durumuna biganə qalmadı, xalqın səsinə səs verdi, hakimiyyətə qayıdışı ilə sabaha ümid yaratdı. Bu tarixi paralellər əsasında bu fikri böyük qətiyyətlə bildiririk ki, ulu öndər Heydər Əliyev müasir və müstəqil Azərbaycanın banisidir”.

Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov vurğulayıb ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

Pirallahı rayon gəncləri adından çıxış edən Aysel Qəribli bildirib ki, gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.

Sonda Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü, qocaman neftçi Səməd Əhmədov tədbir iştirakçıları ilə Ulu Öndərlə bağlı olan xatirələrini bölüşüb.