YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngin dövlətçilik tariximizin dönüş nöqtəsi

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixi taleyüklü anlar və məqamlarla zəngindir. Həlledici amil isə liderlik fenomeni, yaxud lider faktorudur.

İnkaredilməz həqiqətdir ki, Azərbaycanın tənəzzüldən qurtulması, müasir müstəqil dövlət kimi inkişafa, sabitliyə və tərəqqiyə nail olması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümumiyyətlə, dövlətçilik tariximizdə Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri və rolu var. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət etmişdir.

1993-cü ilin oktyabrın 3-də Ümummilli Lider Heydər Əliyevin xalqın böyük etimadı əsasında prezident seçilməsi isə Azərbaycan üçün dönüş nöqtəsi olmuşdur. Yüksək vətənpərvərlik və milli təəssübkeşlik hissinə malik olan vətəndaş, tarixi şəxsiyyət və Ümummilli Lider kimi Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq Vətənini fəlakətdən qurtarmış, ölkəsini çevriliş cəhdlərindən, xaosdan hifz edərək dirçəliş və inkişafa doğru yönəltmiş, cəmiyyətdə özünəinam hissini, ölkəmizdə sabitlik və firavanlığı təmin etmişdir.

Təsadüfi deyil ki, müstəqillik dövründə Onun ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər sabitlik və tərəqqi dönəmi kimi yadda qalmışdır. Azərbaycan xalqı Ulu Öndərin tarixi və misilsiz xidmətlərini yüksək qiymətləndirir və Onun əbədiyaşar ideyalarını dərindən mənimsəyib. Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi isə həm dövlətçilik və müstəqillik tariximizin, həm də Heydər Əliyev irsinin dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. 

Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi əbədiyaşar sərvət kimi hər bir azərbaycanlının qürur mənbəyini təşkil edir. Bu tükənməz sərvət gələcək nəsillər üçün zəngin xəzinədir və onun öyrənilməsi vacibdir. Çünki bu irs Azərbaycan xalqını, ölkəmizi xoşbəxt gələcəyə aparan əvəzsiz mirasdır.

Sevindirici haldır ki, ölkəmizin bugünkü reallıqları Ümummilli Liderin qüdrətli Azərbaycan arzusunun gerçək olduğunu göstərir. Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunduğu ölkə, sabitlik və firavanlıq adasıdır. Eyni zamanda, Azərbaycan beynəlxalq müstəvidə müasir, hüquqi və demokratik dövlət kimi tanınır. Heydər Əliyev ideyaları əsasında davamlı nailiyyətlər qazanan respublikamızın ən böyük uğurlarından biri dayanıqlı iqtisadi inkişafın təmin olunmasıdır. Xalq-iqtidar birliyinin və sarsılmaz milli həmrəyliyin mövcud olması isə müstəqil Azərbaycanın qüdrətinin daha da artmasını şərtləndirir. Nəhayət, Ümummilli Liderimizin əsasını qoyduğu uğurlu strateji kursun, o cümlədən xarici siyasətin, ordu quruculuğunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində  torpaqlarımızın işğaldan azad edilməsi zəngin dövlətçilik tariximizin ən böyük qələbəsidir.

Bir sözlə, müstəqil, qüdrətli və qalib Azərbaycan Heydər Əliyev yolu ilə parlaq nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir, milli hədəfləri reallaşdıraraq gələcəyə doğru inamla addımlayır.

DİGƏR Xəbərlər Arxiv