YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük qələbənin, tarixi missiyanın xoşbəxt şahidləri

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Müqəddəs savaşımızın, Vətən müharibəsinin başlanmasının, tarixi zəfərimizin ilk addımının və bunun uğrunda öz həyatlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsinin ikinci il dönümünü qeyd etdik. Qəlb acısı, kədər yükü ilə, ancaq eyni zamanda da böyük iftixar hissi ilə, alın açıqlığı, üz ağı ilə qeyd etdik. Bütün ölkə, bütün xalq qeyd etdi bu günü. Şəhidlərimizin məzarları, onların şərəfinə ucaldılmış abidələr, memorial komplekslər ziyarət edildi, şəhid qanını simvolizə edən qırmızı çiçəklərə boyandı ölkə. Ancaq Müzəffər Ordunun, Müzəffər Sərkərdəsi, həmişə olduğu kimi  bu günü də özünəməxsus bir şəkildə, xüsusi anlam, əlahiddə bir qüdsiyyət daşıyan məkanda, Vətən torpağının şəhid qanı ilə suvarıldığı ilk zəmində, işğaldan azad edilən ilk məskəndə, şanlı  qələbəyə aparan yolun mənbəyində qeyd etdi. O günü bir daha yaşamaq, real olaraq hiss etmək və xalqına da yaşatmaq üçün atdı bu addımı.

Sövqi-təbii ilə Prezidentin ötən il, ilk Anım Günü ilə əlaqədar Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibəni xatırladım. Dövlət başçımız, 30 ildir torpaq həsrəti ilə yaşayan məcburi köçkünlərdən danışarkən kövrəldi. İşlətdiyi cümlələr təxminən belə idi; “İlk növbədə mənim gözümün önünə o bölgələrdə yaşamış insanlar gəlir. Çünki onlar 30 ildir həsrət içində idilər. Mən bu evi, bu binanı, dağıntıları görürəm, ancaq o görmür. O, bizim gözlərimizlə bunu görməlidir. Hər zaman mənim gözümün önündə onlar olub. Nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm dayandılar. Budur Azərbaycan, budur Azərbaycan xalqı”.

Bəli, bu dəfə də bizlər, xalqımız, o məkanı Prezidentin və Birinci Xanımın gözləri ilə gördü, qəlbi ilə hiss etdi, xəyalən də olsa o günlərə qayıtdı, şəhidlərimizin qanı-canı bahasına açılmış qələbə yolunun, 44 günə yazılmış şanlı tariximizin, yumruq kimi birliyimizin, iradəmizin başlanğıc nöqtəsini, ilk səhifəsini gördü.  

Bu torpaqlar, bu məkan və şəhidlərimizin şərəfinə o məkanda ucaldılmış abidə, qaya parçası sadəcə bir qaya, daş parçası deyil, düşmən gülləsinə öz bədənini, sinəsini sipər edən qəhrəman Azərbaycan əsgərinin, bu əsgərin mətin Sərkərdəsinin və bu əsgəri yetirmiş xalqın birliyinin, qaya kimi möhkəmliyinin rəmzidir. Bu qaya, dağıtmaq üçün yox, qurmaq-yaratmaq üçün gəlmiş millətin rəmzidir.  

İki əsrdən artıqdır ki, torpaqları  parça-parça əlindən alınan, itirə-itirə gələn xalqın zəfəri ilk dadmış nəsli əlbəttə ki, xoşbəxt nəsildir. Prezident İlham Əliyevin təbirilə desək; “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.