YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri  

Ümummilli Lider Heydər Əliyev xalqımızın tarixinə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olub. Bu gün Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi dərindən öyrənilir, geniş təbliğ olunur. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir.

Ümummilli lider Heydər Əliyevin XX yüzilliyin 70-80-ci illərinin əvvəllərində həyata keçirdiyi kompleks inkişaf proqramları nəticəsində Şimali Azərbaycan SSRİ məkanında qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət respublikasına çevrildi. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük rəhbər daim misilsiz fədakarlıq göstərib.

SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti ələ keçirməyə müvəffəq olmuş qüvvələrin uğursuz siyasəti nəticəsində dövlətçiliyin  təminatı sual altında idi. Ordu quruculuğunda və ölkənin milli təhlükəsizlik sisteminin formalaşdırılmasında yol verilən kobud səhvlər son nəticədə Azərbaycanda qanunsuz hərbi birləşmələrin timsalında vətəndaş müharibəsinin subyektlərinin meydana çıxmasına səbəb olmuşdu. Məhz belə bir məqamda xalq yenə ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağladı. Xalq öz seçimində yanılmadı. Çünki böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı və Azərbaycanı parçalamaq  istəyənlər öz niyyətlərinə çata bilmədilər.

Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Həmçinin böyük tarixi şəxsiyyət Heydər Əliyevin hər zaman elm və təhsilə böyük önəm vermiş, Azərbaycan elm və təhsili onun xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. Azərbaycan dilinin idarəçiliklə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin Ümumittifaq miqyasında ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tətbiqi və nəşri – bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir. Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Bu gün də Ümummilli Lider Heydər Əliyevin siyasəti ölkəmizi uğurlu gələcəyə doğru aparır. Çünki  Ulu Öndər özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığını təmin edən, xalqın alternativsiz liderinə çevrilən cənab İlham Əliyev kimi  davamçı-varis yetişdirmişdir. Məhz 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Əminliklə demək olar ki, hazırda Azərbaycanın taleyi etibarlı əllərdədir. Ölkəmiz Heydər Əliyev yolu ilə qətiyyətlə irəliləyir və Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf tariximizin yeni salnaməsi yaranır.