YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asif Əsgərli: Yalançı “demokrat” nihilist düşüncələrdən əl çəkmir

"Bildiyimiz kimi, "Siyasi partiyalar haqqında" qanun layihəsi hələ heç Milli Məclisdə müzakirəyə çıxmamışdan öncə bütün partiyalara müraciət olundu ki, öz təkliflərini versinlər. 39 siyasi partiya bu yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim edib. Lakin AXCP heç bir təklif vermədi. Ümumiyyətlə, AXCP bu məsələ ilə bağlı heç bir müzakirədə iştirak etmədi, hər hansı fikir, rəy bildirmədi. AXCP "Siyasi partiyalar haqqında" qanun layihəsinin muzakirəsinə qatılmaq əvəzinə, Milli Məclis qarşısında qanunsuz mitinq təyin etdi. Təbii ki, pandemiya şəraitinə görə mitinqə icazə verilmədi". 

Bu sözləri YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli deyib.

Asif Əsgərli bildirib ki, AXCP bu yeni qanun layihəsinin müzakirəsinə sivil yolla deyil, ancaq küçədən hay salmaqla, qaragüruhçuluq etməklə “qatılır”: "Digər müxalifyönlü partiyalar öz fikir və təkliflərini veriblər. Bunların gözündə isə hər şey qaradır. AXCP nəyi isə deyir, amma özü bu prosesdə iştirak etmir. Tutaq ki, AXCP sədri Əli Kərimli qanunu pisləyir, amma özu də yeni bir təklif vermir".

O deyib ki, ümumiyyətlə, hələ ki, bu qanunun layihə variantı müzakirə olunur: "Orada üzv sayı, təsisçilər üçün ölkədə yaşayış ili və s. məsələlər var. Onlar bir neçə bəndi götürməklə etirazlarını bildirirlər. Əli Kərimlini layihədə nəzərdə tutulmuş partiyanın əsas sənədləri və onların qeydiyyatı prosesinin qanunvericilik normaları müəyyən icra hakimiyyəti orqanları vasitəsilə dövlət nəzarəti alətini müəyyən edən müddəalar narahat edir. Bununla da Əli Kərimli partiyasının gələcək fəaliyyətinin sual altında olmasından ehtiyat edir. Hər zamanki kimi, işi dara düşən Əli Kərimli “demokratiya carçılığı” edir. Qanun layihəsində partiyanın qeydiyyatına nəzarət və onun ləğvi üçün iki şərt aydın və birmənalı şəkildə fərqləndirilib. Sənəddə göstərilib ki, partiyanın ləğv edilməsi haqqında qərar Apellyasiya Məhkəməsinin Azərbaycanın İnzibati Prosessual Məcəllənin müvafiq maddələri ilə əsaslandırdıqdan sonra çıxarılır.  Əli Kərimlini əsas qorxudan yeni qanunda partiyanın dövlət qeydiyyatına alınması üçün on min üzvün olması tələbidir. Bu, təkcə Əli Kərimlini deyil, onun kimiləri narahat edir. Çünki lazımi sosial bazaya sahib deyillər. Sosial şəbəkədə olan "virtual dostlar"ını real həyatda toplaya bilməmək qorxusu yaşayırlar. Bununla Əli Kərimli və həmkarları çarəsizliklərini göstərmiş olurlar. Ümumiyyətlə, o, siyasi karyerasının sonunun çatacağı qorxusu ilə yaşayır".

Politoloqun fikrincə, yeni qanun layihəsi çox məsələləri ehtiva edir: "Orada siyasi terminlər tam açıq şəkildə verilib. Siyasi partiyaların fəaliyyətini əks etdirən bütün məsələlər geniş şəkildə qeyd edilib. Bütün bunlar da yeni dövrün çağırışlarının tələbidir. Görünür, Əli Kərimli yeni dövrlə ayaqlaşa bilmir. Siyasi fəaliyyətini, daha doğrusu yalançı "demokratikliyini" köhnə ənənələri əsasında davam etdirmək istəyir. O, nə özünün, nə də partiyasının yenilənməyini istəyir. Nihilist düşüncələrdən də əl çəkmir. "Siyasi partiyalar haqqında" qanun layihəsinə etirazı da məhz bundan irəli gəlir".