YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımız yumruq kimi birləşərək düşməni torpaqlarımızdan qovdu

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Prezident İlham Əliyev 27 sentyabr tarixində Fizuli rayonunun Qaraxanbəyli kəndində çıxışı zamanı Qarabağdakı quruculuq işlərinə toxunub və  44 günlük Vətən müharibəsinin şanlı tariximiz olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycan  xalqının bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovduğunu, xalqın birlik, iradə nümayiş etdirdiyini qeyd edib. Çıxışda vurğulanıb ki, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik ki, biz bu torpaqların sahibləri bu torpaqlara yenidən həyat qaytarırıq.

44 gün ərzində Qələbə qazanmağımız sözsüz ki, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın dəmir yumruq kimi Ali Baş Komandanın ətrafında birləsməsinin nəticəsi idi. Prezident İlham Əliyevin 27 sentyabr Anım Günündə xalqa etdiyi müraciət bizi Qalib xalq olaraq bir daha duyğulandırdı, qürurlandırdı. Bu müraciəti dinlədikcə bir daha Ali Baş Komandanımızla, şəhidlərimizlə, qazilərimizlə, Ordumuzla, bütövlükdə xalqımızla qürur duyduq. Dövlət başçısı müraciətində ilk növbədə şəhidlərimizin  canı, qazilərimizin qanı bahasına qələbənin qazanılmasında iştirak etmiş əsgər və zabitlərimizi hörmət və ehtiramla xatırladı, hərbçilərimizin qəhrəmanlığını, igidliklərini yüksək dəyərləndirdi, onların rəşadəti sayəsində Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini sürətlə yarıb keçdiklərini fəxarət hissi ilə qeyd etdi. Azərbaycan ordusu cəbhə meydanında əzmlə vuruşdu. Şuşanın düşmən əsarətindən azad edilməsi isə müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Azərbaycan Prezidentinin yenilməz iradəsi və qətiyyəti, xalqımızın möhtəşəm birliyi və Silahlı Qüvvələrimizin məgrur döyüşməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi və əlli milyonluq dünya azərbaycanlıların ürəyində qubar bağlayan Qarabağ yarasına əlac tapıldı. Bu tarixi Qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz rolu qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq, heç vaxt unudulmayacaqdır.

Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Məscidlərdə, kilsələrdə, sinaqoqlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur. İnsanlar Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirlər.